Moskvada iyunun 1-dən etibarən pandemiya zamanı yazılan bütün cərimələrin ləğv edildiyi açıqlandı. Bu, Gürcüstandan sonra, səhv etmirəmsə, koronavirus pandemiyası cərimələrini ləğv edən ikinci qonşumuzdur.
Sobyaninin moskvalılara müraciətindəki bir nüansı isə qətiyyən diqqətdən kənarda qoya bilmərik. Mer dedi ki, nəinki cərimələr ləğv edilir, hətta pandemiya zamanı maska taxmamaq da daxil, bütün növ pozuntulara görə cərimə ödəyən insanların hamısının pulu kompensasiya şəklində geri qaytarılacaq.
Bu, o deməkdir ki, Moskva meriyasının büdcəsini doldurmaq üçün rusların cərimələnməsi haqda iddiaların heç bir əsası yoxdur; Sobyanin bununla elan etdi ki, moskvalılar canını qorumurdular, ağır pul cərimələri kəsdik ki, heç olmasa, pula görə qaydaları pozmasınlar və xəstələnib ölməsinlər – indi ki artıq təhlükə yoxdur, pulunuzu geri alın!
Həssas məsələdir, indiki halda ümumiyyətlə rusiyalıların dövlət anlayışını gücləndirməyə xidmət edən addımdır, insanlarda dövlətin onu qoruduğuna əminliyini yaratmağa hesablanıb və s. və i.a. Hər nədirsə, vətəndaşın vətənpərvərlik damarına birbaşa nüfuz etməkdir, əla düşünülüb.
Bəs, Nazirlər Kabinetimiz necə, pandemiya cərimələrinin qaytarılması demirəm, heç olmasa, hazırda ödənməyənlərin ləğvini düşünürmü?
Bunun üçün imkanlarımız yetərincə olmalıdır: qazı bir kənara qoyuram, dövlət büdcəsində cəmi 40 dollardan götürülən neftin hazırda 110 dolların üstündə satılması kifayətdir ki, büdcədən və gəlirlərimizdən narahat olmayaq – Allaha şükür!
Üstəlik, inflyasiya, bahalaşma da əhaliyə ciddi təsir edir. Bu məqamda Eldar Əzizovun Sobyanini, Əli Əsədovun Qaribaşvilini kölgədə qoyması arzulanandır.
Amma təəssüf ki, iki gündür Bakı meriyası və Nazirlər Kabinetinə ünvanladığımız suala cavab ala bilməmişik.
Bakılılara belə bir müjdəli xəbər çatdırmaq əla olardı…