Azərbaycan Prezidenti görüş zamanı suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb
Bu gün Azərbaycanın xəbər gündəmində yenə Fələstin mövzusu var. Daha dəqiq desək, Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da ölkəmizə səfər edib. Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib və Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycan Prezidenti görüş zamanı rəsmi Bakının müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını (paytaxtı Şərqi Qüds olmaqla) dəstəklədiyini bir daha vurğulayıb.
Öz növbəsində, Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə edib. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Söhbət zamanı həmçinin Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib (yeri gəlmişkən, Azərbaycan Fələstinin səfirliyinin xərclərini öz üzərinə götürən yeganə müsəlman dövlətidir).
Fələstinin Baş naziri görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsini xatırladıb, eyni zamanda, ölkəmizin BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyini vurğulayıb. Bununla yanaşı, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması faktı da Məhəmməd Mustafa tərəfindən yüksək qiymətləndirilib. Baş nazir bütün bunlara görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Görüş əsnasında vurğulanan bu faktlar bir daha onu göstərir ki, bəzi bədxahlarımızın qərəzli iddialarının əksinə olaraq Azərbaycan bütün mümkün vasitələrlə hər zaman Fələstinə dəstək verməyə davam edib və bu gün də davam edir. Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsinin müzakirə olunması və eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması faktı da onu göstərir ki, rəsmi Bakı Fələstin xalqına dəstəyini bundan sonra da davam etdirəcək.
Dövlətimizin bu cür humanist və prinsipial siyasəti həm də İslam həmrəyliyindən qaynaqlanır. Prezident İlham Əliyevin bugünlərdə keçirilən IV Şuşa Qlobal Media Forumunun açılışındakı çıxışında vurğuladığı kimi biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilmişdir. Dövlətimizin başçısı İslam həmrəyliyi məsələsini hər fürsətdə gündəmə gətirir. Çünki bu, hazırda müsəlman dünyası üçün ən vacib məsələdir. Azərbaycanın Fələstinə dəstək göstərməsi də dövlətimizin həmrəylik siyasətinin tərkib hissəsidir. Bu baxımdan, Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanın Azərbaycana rəsmi səfəri, iki ölkə arasında ənənəvi qardaşlıq və həmrəylik münasibətlərinin yeni bir mərhələsi kimi qiymətləndirilir. Bu səfər, Azərbaycanın İslam dünyası ilə qurduğu əlaqələrin sadəcə siyasi bəyanatlarla deyil, konkret və davamlı humanitar, təhsil və iqtisadi addımlarla dəstəkləndiyinin bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın xarici siyasətindəki prinsipial mövqeyini və İslam dünyası ilə həmrəylik kursunu tam şəkildə əks etdirir.
Rəsmi Bakı beynəlxalq müstəvidəki “yumşaq güc” və “həmrəylik” diplomatiyasını ən mükəmməl şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan İslam ölkələri arasında həmrəyliyin tərəfdarıdır və bu, dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın Fələstinə göstərdiyi davamlı dəstək, İslam dünyasında həmrəylik və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Dövlətimizin bu humanist siyasəti, həm beynəlxalq hüquqa hörmətin, həm də qardaşlıq bağlarına sadiqliyin göstəricisidir.
Hüseynov Əlisahib
Milli Həmrəylik Komitəsi sədri