İranın həm bölgə ölkələri üçün, həm də bütövlükdə dünya üçün necə ciddi təhdid mənbəyi olduğunu indi Ağ Evdə daha aydın başa düşürlər
İrana zərbələrin yenidən bərpa edilməsinin pərdəarxası motivləri
ABŞ-ın Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq atəşkəsə riayət etməməsi və İran ərazisinə zərbələr endirməsi normaldır. Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu zərbələri ilk növbədə Prezident (və Ali Baş Komandan) Donald Trampın göstərişi ilə İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanlarını daha da azaltmaq üçün həyata keçirib. İran isə cavab olaraq ABŞ-ın Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib. İran raketləri həmçinin İordaniyadakı Əl-Əzraq aviabazasını da hədəfə alıb. Tehran Vaşinqtonu hərbi əməliyyatların dayandırılması barədə memorandumu pozmaqda ittiham edib.
ABŞ Prezidenti Donald Tramp dünən Vaşinqtonla Tehran arasında atəşkəsin başa çatdığını bəyan edib. Tehran da yekun nizamlanma üzrə danışıqları dayandırdığını açıqlayıb. İyulun 9-na keçən gecə ABŞ yenidən İrana zərbələr endirib. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) Vaşinqtonun hücumları davam etdirəcəyi təqdirdə zərbələrin coğrafiyasını genişləndirəcəyi barədə xəbərdarlıq edib. Beləliklə, görünən budur ki, danışıqlar prosesi yenidən “dalan”a dirənir və regionda gərginlik daha da artmağa doğru gedir. Lakin ABŞ-ın zərbələri bərpa etməsində məqsəd təkcə İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanlarını daha da azaltmaqda deyil. İrana zərbələrin yenidən bərpa edilməsinin daha dərin səbəbləri, pərdəarxası motivləri var.
Donald Tramp NATO Türkiyənin paytaxtında keçirilən Zirvə toplantısından sonra prezident təyyarəsi ilə geri qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran nümayəndələri ölkə ərazisinə ABŞ ordusunun endirdiyi təkrar zərbələrdən sonra onunla əlaqə saxlayaraq aman diləyib və razılaşma əldə etmək istədiklərini bildiriblər. “Onlar bir müddət əvvəl mənə zəng ediblər, razılaşma əldə etməyi çox istəyirlər. Sadəcə bilmirəm ki, onlar belə bir razılaşmaya layiqdirlərmi”, – Tramp jurnalistlərə deyib.
Bundan öncə isə NATO sammiti çərçivəsində Rutte ilə görüşən ABŞ Prezidenti Tramp İran ərazisinə həyata keçirilən son zərbələrlə bağlı danışarkən İranı idarə edən şəxslərin naqis xarakterinə, mənəvi qüsurlarına bildirib: “İranda çox təhlükəli insanlara qarşı əməliyyat keçirdik. Bunlar xəstə insanlardır, dəfn mərasimləri ilə məşğul olurlar, amma bunun əvəzinə gəmilərə də raket atırlar. Biz də dünən gecə onları çox sərt şəkildə vurduq. Biz demişdik ki, nə vaxt hücum etsəniz, cavab verəcəyik. Onlar çirkli oynayırlar, mən onları sevmirəm. Onlar pis insanlardır. İranın nüvəsizləşdirilməsini təmin edəcəyik”. ABŞ Prezidenti həmçinin İranla atəşkəsin artıq başa çatdığını bildirib: “İranla atəşkəs bitdi! Biz yalançılarla mübarizə aparırıq. Onların problemi var, ağlını itiriblər. Vaxt itirirlər”.
Bu açıqlamalardan da görünür ki, Tramp İranın fars-molla rejiminin xarakterinə və bu rejimi təmsil edən şəxslərin yalançılığına, riyakarlığına artıq kifayət qədər dərindən bələddir. Ağ Evin rəhbəri anlayır ki, bu cür səbatsız, xəstə təfəkkürlü insanlarla normal danışıqlar aparmaq və hansısa razılaşmalara gəlmək sadəcə mümkün deyil. Trampın mollalara heç bir inamı qalmayıb. Çünki mollalar bu gün imza atdıqları anlaşmaları sabah asanlıqla poza bilərlər. Məhz buna görə də Tramp İranın tam olaraq nüvəsizləşdirilməsini prinsipial məsələ hesab edir. Bu mənada son olaylar regiondakı vəziyyətin nə qədər kritik və dinamik olduğunu çox aydın şəkildə nümayiş etdirir. Donald Trampın ritorikası və ABŞ-ın hərbi addımları, Vaşinqtonun İrana münasibətdə “strateji səbr” dövrünü tamamilə bitirdiyini və daha radikal, “gücə əsaslanan diplomatiya” mərhələsinə keçdiyini göstərir.
Trampın “onlar məndən aman diləyib” və “onlar xəstə insanlardır” kimi ifadələri sadəcə ritorika deyil, həm də rəqibinə qarşı istifadə olunan psixoloji alətdir. O, İran rəhbərliyini beynəlxalq arenada zəif və etibarsız göstərməklə, onların daxili auditoriyadakı imicini sarsıtmağa çalışır.Eyni zamanda, “onlar razılaşmaya layiqdirlərmi?” sualını ortaya atmaqla, danışıqlar masasında özünü qərar verən tərəf, Tehranı isə dilənən tərəf kimi mövqeləndirir. Eyni zamanda, Trampın “İranın nüvəsizləşdirilməsini təmin edəcəyik” bəyanatı göstərir ki, Vaşinqton üçün artıq məsələ sadəcə Hörmüz boğazında gəmiçilik deyil. ABŞ-ın bu zərbələri bir növ İranın hərbi infrastrukturunu – xüsusilə raket proqramını və nüvə obyektlərini qoruyan hava hücumundan müdafiə sistemlərini – sınaqdan keçirmək və zəiflətmək məqsədi daşıyır. Bu, gələcəkdə daha genişmiqyaslı əməliyyatların hazırlıq mərhələsi kimi də qiymətləndirilə bilər.
ABŞ-ın son zərbələri İranın çirkli oyununa qarşı sərt cavab xarakteri daşıyır. Trampın mollalara qarşı inamsızlığını açıq şəkildə ifadə etməsi də bundan irəli gəlir. Bu, ABŞ-ın İranla bağlı siyasətində dərin bir dəyişiklikdir. Əvvəlki administrasiyalar İranla hər hansı razılaşma əldə etməyə çalışırdısa, Tramp administrasiyası hesab edir ki, İran rejimi ilə ancaq “güc dili” ilə danışmaq olar. Atəşkəsin pozulması və danışıqların dayandırılması, İranın bölgədəki proksi qüvvələri vasitəsilə yaratdığı təhdidlərə (Bəhreyn, Küveyt, İordaniya bazalarına hücumlar) birbaşa və simmetrik cavab verilməsinin vacibliyini ortaya qoyur. Nəticə etibarilə, İranın zərbə coğrafiyasını genişləndirəcəyi ilə bağlı təhdidləri və ABŞ-ın buna cavab zərbələri, regionu böyük bir müharibənin astanasına gətirib çıxarır. Bəhreyn və Küveytdəki ABŞ bazalarının hədəf alınması, İranın bu münaqişəni yerli toqquşma olmaqdan çıxarıb regional müharibəyə çevirmək niyyətində olduğunu göstərir.
Yalançılıq və riyakarlığı diplomatiyanın əsas prinsiplərinə çevirmiş bir rejim ilə uzunmüddətli razılaşmanın mümkünsüzlüyü, görünür, artıq Ağ Evin yeni strategiyasının təməl daşına çevrilib. Fars-molla rejiminin idarə etdiyi İranın həm bölgə ölkələri üçün, həm də bütövlükdə dünya üçün necə ciddi təhdid mənbəyi olduğunu indi Ağ Evdə daha aydın başa düşürlər. İran kimi daim qalmaqallı, narahat, cığal və davakar bir ölkə ilə qonşu olmağın nə demək olduğu da indi hər kəsə daha yaxşı məlumdur. Ona görə də İranın zəiflədilməsi bütün bölgə ölkələrinin maraqlarına uyğundur (yalnız Rusiya istisna olmaqla). ABŞ İranın ram edilməsi, zəiflədilməsi, ipə-sapa yatırılması və islah olunması prosesini yarımçıq saxlamamalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri