Bütün dedi-qodulara, yerli-yersiz müzakirələrə və keçmiş məcburi köçkünlərə qarşı aparılan qaralama, linçləmə cəhdlərinə baxmayaraq, Böyük Qayıdış uğurla davam edir. Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün baş tutmasından artıq 4 il ötür. Bu kənd Böyük Qayıdışın ilk ünvanı sayılır. Dörd il əvvəl bu kəndin sakinlərinin yenidən öz doğma yurduna qovuşduğu gün qalib ölkəmizdə yeni həyatın, dirçəlişin və doğma torpaqlara qayıdışın başlanğıcı kimi yadda qalıb. Ağalıdan sonra, işğaldan azad edilmiş bir çox şəhər və kəndlərimizə davamlı köçlər həyata keçirilib. İndi Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər və digər yurd yerlərimiz Azərbaycan xalqının quruculuq ruhunun simvollarına çevrilir.
Onu da qeyd edək ki, Böyük Qayıdış prosesi Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Soydaşlarımızın öz doğma yurdlarına qayıdışının təmin olunması dövlətimizin əsas prioritetlərindən biridir. Ancaq son günlərdə bəzi qüvvələrin sosial şəbəkələrdə yaydığı videogörüntülər və qərəzli paylaşımlar isə çox təəssüf ki, keçmiş məcburi köçkünləri qaralamağa xidmət edir. Həmin videogörüntülərdə və şərhlərdə keçmiş məcburi köçkünlərin ağır köçkünçülük taleyi də, onların bugünkü mövqeyi də son dərəcə birtərəfli və yanlış şəkildə təqdim edilir. Və qəsdən elə təsəvvür yaradılır ki, guya bu insanlar Birinci Qarabağ müharibəsinin faciəli günlərində öz yurdlarını könüllü tərk ediblər, bu gün isə dövlətin inşa etdiyi evlərə getmək istəmirlər və yalnız Bakıda qalmağa üstünlük verirlər. Bütün bunlar sözsüz ki, dezinformasiya və manipulyasiyadır. Məsələlər qəsdən kontekstdən çıxarılır. Keçmiş məcburi köçkünlərin fikirləri bilərəkdən təhrif edilir və yanlış təqdim edilir.
Gerçəklik isə budur ki, Qarabağ və Şərqi Zəngəzurdan olan bütün soydaşlarımız öz doğma yurdlarına qayıtmaq istəyirlər. O torpaqların hər qarışı bizim üçün müqəddəsdir. Çünki o torpaqlarımız uğrunda minlərlə şəhidimizin qanı tökülüb. Dövlətimiz də üzərinə düşən vəzifəsini yerinə yetirərək bərpa və quruculuq işlərini ardıcıl surətdə davam etdirir. Bu baxımdan, vətəndaşlarımızın da öz doğulduğu kəndlərə, şəhərlərə geri qayıtmaq istəməsi də onların ən təbii haqqı və arzusudur. Söhbət 33-34 il əvvəl öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlarımızın bu gün məhz öz kənd və şəhərlərinə qayıtmaq istəyindən gedir. Cəbrayıldan olan soydaşımız Cəbrayıla, ağdamlı Ağdama, xocavəndli isə Xocavəndə geri dönmək istəyir. Heç kimi öz kökündən qoparmaq, ocağından uzaqlaşdırmaq olmaz. Onları öz doğma yurdlarına deyil, başqa ərazilərə köçürmək məntiqdən uzaq olardı. Bu baxımdan keçmiş məcburi köçkünlərin başqa ərazilərə deyil, məhz öz doğma yurdlarına qayıtmaq istəmələri onların doğal haqqıdır. Ancaq keçmiş məcburi köçkünləri gözdən salmaq istəyənlər isə qəsdən cəfəng iddialar ortaya atır və köçkünlərin guya ümumiyyətlə Qarabağa və Şərqi Zəngəzura qayıtmaq istəmədiklərini tutuquşu kimi təkrarlayıb yanlış ictimai rəy yaradır, cəmiyyətdə məcburi köçkünlərə qarşı neqativ münasibət formalaşdırırlar. Bu qüvvələrin, bu təxribatçıların keçmiş məcburi köçkünlərin nə indiyə qədər çəkdikləri əziyyətlərdən, maddi və mənəvi sıxıntılardan, nədəki köçkünlərin öz yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləmələrindən xəbərləri var. Onlar ancaq yerli-yersiz ittiham etməyi, sifarişli paylaşımlar edib köçkünləri qaralamağı, gözdən salmağı yaxşı bilirlər.
Ağıllı insanlarımız isə bu qaragüruhun şər-şəbədələrinə, ittihamlarına, köçkünlərə yönəlik linçləmə kampaniyalarına fikir verməməli, onların məkrli oyunlarına qoşulmamalıdırlar. Çünki bu cür həssas məqamlarda təmkinli olmaq, milli birliyimizi və həmrəyliyimizi qorumaq olduqca vacibdir. Odun üstünə benzin töküb onu biraz da alovlandırmaq yalnız təxribatçıların işidir. Təxribatçıların sayı isə bir deyil, iki deyil. Onlar keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üzərindən kirli oyunlar öynayır, “çörək” qazanırlar. Lakin keçmiş məcburi köçkünlərin öz yurdlarına köçürülməsi sadəcə süni qalmaqal məsələsi deyil, “xayp” (hype) mövzusu deyil. Bu cür qalmaqallı müzakirələri ermənilər də diqqətlə izləyir və özümüzə qarşı istifadə edirlər. Sosial şəbəkə “qəhrəman”ları, təxribatçı blogerlər başa düşməlidirlər ki, “Böyük Qayıdış” Proqramı dərin sosial-siyasi, mənəvi və tarixi əhəmiyyəti olan mühüm strateji məsələdir. Böyük Qayıdışı qalmaqal mövzusuna çevirmək cinayətdir, həmrəyliyə zərbədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri