Bir dövləti, bir milləti zəiflətməyin ən təhlükəli yolu onun daxilində parçalanma toxumu səpməkdir

“Bəzi partiya sədrlərinin milli məsələlərə dair açıqlamaları hər nə qədər mübahisəli olsa da, lakin bu açıqlamaların doğurduğu polemikalar bir acı həqiqəti də ortaya çıxartdı: biz artıq 44 günlük Vətən müharibəsi dönəmindəki dəmir yumruq kimi sıx birləşmiş, monolit millət halından sürətlə uzaqlaşırıq. Daha doğrusu, yad güclər bizim milli birlik və həmrəyliyimizi zədələmək, sarsıtmaq üçün əllərindən gələni edirlər. Xüsusən də ilk növbədə ölkəmizdəki irandilli xalqlar (talışlar, kürdlər, tatlar və s.) hədəfdədirlər. Əsas fəaliyyət məkanı isə sosial şəbəkələrdir. Rusiya, İran və Avropa ölkələrində yaşayan və ya təhsil alan Azərbaycanın azsaylı xalqlarının bəzi nümayəndələri sosial şəbəkələr üzərindən Azərbaycan dövlətçiliyinə, Azərbaycan türklərinə qarşı mütəşəkkil formada təşkilatlanaraq qızışdırıcı təbliğat aparır, separatçılıq meyllərini körükləməyə çalışırlar. Sosial platformalardakı ayrı-ayrı səhifələr davamlı olaraq milli-etnik tərkib məsələsini qabardır, tarixi şəxsiyyətlərimizi və ayrı-ayrı ümummilli atributlarımızı bu və ya digər milli azlığın adına çıxır, azsaylı xalqları Azərbaycan türklərinə qarşı düşmənçiliyə, ədavətə kökləməyə cəhd göstərirlər”.

Zafer Tv xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, bu cür həssas məsələləri qəsdən qabardıb bölücülük toxumu səpmək xəyanətdir:

“Bir dövləti, bir milləti zəiflətməyin ən təhlükəli yolu onun daxilində parçalanma toxumu səpməkdir. Bunu bizim düşmənlərimiz də çox yaxşı bilirlər. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanın gücü onun polietnik müxtəlifliyində və həmin müxtəlifliyin vahid dövlətçilik, azərbaycançılıq ideyası ətrafında birləşməsindədir. Lakin biriləri indi bu gücümüzü, bu birliyimizi hədəf alıb. Prezident İlham Əliyev də bunun fərqindədir. Dövlətimizin başçısı bugünlərdə mədəniyyət paytaxtımızda keçirilən IV Şuşa Qlobal Media Forumununun açılışındakı çıxışında cəmiyyətimizin bütün təbəqələrinə səslənərək birlik, həmrəylik mesajları verdi. O, qeyd etdi ki, müharibələr, hibrid təhdidlər və iqtisadi böhranlarla müşayiət olunan hazırkı qlobal geosiyasi təlatümlər şəraitində ölkəmizin sabitliyini, təhlükəsizliyini yalnız milli birliyin hesabına qoruyub saxlamaq mümkündür. Cənab Prezident Azərbaycan xalqının birlik hissinin bənzərsiz olduğunu vurğulayaraq, ancaq özümüzə və dövlətimizə güvənməli olduğumuzu bildirdi: “Ancaq özümüzə və dövlətə güvənməliyik. Birliyimiz heç vaxt sarsılmamalıdır. Bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir”.

Komitə sədri qeyd edib ki, dövlət başçısı sözügedən çıxışında hazırda dünyanın sürətlə dəyişdiyini, yeni təhdid və təxribatların ortaya çıxdığını bildirərək, Azərbaycana qarşı olan qüvvələrin heç vaxt öz çirkin niyyətlərindən əl çəkməyəcəklərini vurğuladı:

“Prezident tamamilə haqlıdır, anti-Azərbaycan qüvvələr Vətən müharibəsində nümayiş etdirdiyimiz birlik və əzmkarlığımızı sarsıtmaq üçün hər cürə təhdid və təxribatlara əl atacaqlar. Qarabağda erməni separatizmi “layihə”sinin iflasa uğradığını görən həmin güclər, indi də Azərbaycanın tərkibindəki digər azsaylı xalqları separatçı meyllərə təhrik etməyə çalışırlar. Lakin biz əminik ki, bəzi mankurt ünsürləri çıxmaq şərti ilə, Azərbaycanda yaşayan xalqların heç biri yad güclərin bu kirli oyunlarına alət olmağa imkan verməyəcək. Çünki hər kəs çox gözəl anlayır ki, hazırkı təlatümlü beynəlxalq proseslər fonunda inkişafın və təhlükəsizliyin əsas şərti məhz daxili sabitlik, milli birlik və vətəndaş həmrəyliyidir”.

Əlisahib Hüseynovun sözlərinə görə, milli birliyin hədəf alınması, xüsusən də sosial şəbəkələr üzərindən hibrid təhdidlər və separatçılığa təhrik cəhdləri hazırkı dövrün ən ciddi təhlükəsizlik çağırışlarından biridir:

“Azərbaycanın multikultural və polietnik zənginliyini bir zəiflik kimi göstərməyə çalışan xarici qüvvələrin cəhdləri, əslində, dövlətimizin regional liderlik potensialından irəli gələn qısqanclığın təzahürüdür. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının üçrəngli bayraq altında Dəmir Yumruq kimi birləşərək, necə monolit bir gücə çevrildiyini bütün dünyaya nümayiş etdirdi. Lakin hazırda regionda və dünyada formalaşan yeni geosiyasi reallıqlar ölkəmizə qarşı hibrid müharibə metodlarının daha da intensivləşməsinə səbəb olub. Bu gün Azərbaycanın milli birliyini sarsıtmaq istəyən dairələr etnik müxtəlifliyi parçalanma aləti kimi istifadə etməyə çalışırlar.

İstənilən təxribatlardan və xarici təsirlərdən qorunmağın ən etibarlı yolu ilk növbədə
Azərbaycançılıq çətiri altında birləşən xalqların bir-birinə güvənməsi və ortaq dövlətçilik düşüncəsini birgə səylərlə yaşatmasıdır. Azərbaycanın parçalanması heç bir azsaylı xalqa xeyir gətirməz. Bizim hamımızın bir ortaq Vətənimiz var – Azərbaycan! Və bunu da hər kəs dərk etməlidir ki, biz yalnız birlikdə güclüyük. Heç kim milli birliyimizə dil uzatmamalı, əl qaldırmamalı, nankorluq etməməlidir. 44 günlük Vətən müharibəsində erməni separatizminin başının Dəmir Yumruğumuzla əzilməsi bütün separatçılara və separatçılığa meylli olanlara dərs olmalıdır. Milli birlik və həmrəyliyimizi qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. “Biz birlikdə güclüyük” şüarı, bu gün sadəcə bir ritorik ifadə deyil, milli təhlükəsizliyimizin əsas strateji qayəsidir”.