Azərbaycan “informasiya müstəmləkəçiliyi”nə qarşı mübarizədə aparıcı rol oynayır

21-ci əsrin müstəmləkəçilik əsri kimi davam etməsi bütün bəşəriyyət üçün faciədir. Fransa yeni müstəmləkəçiliyin (neokolonializm) başında gələn ölkələrdən biridir. Bəli, Fransa təkcə sivilizasiyanın, mədəniyyətin, dəbin, ətriyyatın rəmzi kimi deyil, həm də neokolonializmin bayraqdarı kimi tanınır. Və çox təəssüf ki, rəsmi Paris bu kursdan əl çəkmyə tələsmir. Xüsusən də Afrika qitəsinin bir çox ölkələri fransız neokolonializminin qurbanlarına çevriliblər. Fransanı yalnız dünya birliyi neokolonializm rəzalətindən əl çəkməyə məcbur edə bilər. Dünya birliyi həm Fransa dövlətinə və siyasi elitasına, həm də fransız xalqına və mediasına neokolonialist düşüncə tərzindən qurtulmaq üçün kömək etməli, dekolonizasiya işi aparılmalıdır.

Dekolonizasiya yalnız ərazilərin işğaldan azad edilməsi deyil, eyni zamanda şüurun və informasiya məkanının dekolonizasiyası deməkdir. 21-ci əsrdə dekolonizasiya sadəcə siyasi müstəvi ilə məhdudlaşmamalı, həmçinin iqtisadiyyat, düşüncə tərzi və kommunikasiya üzərində nəzarəti də əhatə etməlidir. Bu baxımdan, kütləvi informasiya vasitələri (KİV) təkcə məlumat ötürmür, həm də şüurun və informasiya məkanının dekolonizasiyasında həlledici rol oynayır. Çox təəssüf ki, tarixən media müstəmləkəçilik siyasətinin təbliğində geniş istifadə olunub və əksər hallarda müstəmləkəçi dövlətlərin mövqeyini əks etdirən məlumatlar yaymaqla məşğul olub.

Xüsusən də Fransa mətbuatı fransız dövlətinin müstəmləkəyə çevirdiyi ərazilərdə uzun illər rəsmi Parisin hakim ideologiyasının yayılmasına xidmət edib, zorakılıq və istismarı gizlədib və müstəmləkəçiliyi “sivilizasiya missiyası” kimi təqdim edib. İşğalçılığın, vandalizmin “sivilizasiya” kimi təqdim edilməsi, əslində, müstəmləkə xalqların öz kimliklərinə və tarixlərinə olan inamını zədələməyə xidmət edirdi. Lakin 21-ci əsrdə isə media fərqli mövqe tutmalıdır. Bu gün mətbuat dekolonizasiya proseslərində həlledici rol oynaya bilər. Ona görə də hazırda medianın əsas vəzifəsi müstəmləkəçi imperiyaların 19-20-ci əsrlərdə sömürdüyü, marginallaşdırdığı xalqlar və onların mədəniyyəti haqqında həqiqətləri ictimaiyyətə çatdırmaq olmalıdır.

Əlbəttə, Fransa müstəmləkə siyasəti yürütmüş yeganə ölkə deyil. Niderland, Belçika, Böyük Britaniya, Rusiya və s. ölkələr də bu siyahıda yer alırlar. Lakin Fransa hətta rəqəmsal texnologiyalar dövründə də kolonialist siyasətindən əl çəkmək istəmir. Həmçinin prezident Emmanuel Makronun dövründə Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və keçmiş “Qarabağ məsələsi”nə yanaşması da neokolonializmin bir təzahür forması kimi ortaya çıxıb. Ancaq bu gün media Fransanın istər Dənizaşırı ərazilərdə (Yeni Kaledoniya və s.), istərsə də Afrika kontinentində və Cənubi Qafqaz istiqamətində yürütdüyü “ikili standart”lar siyasətinin ifşasına ciddi töhfələr verə bilər. Yelisey sarayının Afrika, Yeni Kaledoniya və digər Dənizaşırı ərazilərdəki zorakı siyasəti, habelə Cənubi Qafqazda öz nüfuz dairəsini qorumaq üçün yaratdığı gərginliklər neokolonializmin hələ də əvvəlki kimi, lakin yeni təzahür formaları ilə, yeni çalarlarda davam etdiyini sübut edir.

Fransa özünü “demokratiya və insan haqları beşiyi” adlandırsa da, keçmiş müstəmləkələrindəki müqavimət hərəkatlarına qarşı sərt və qeyri-demokratik metodlar tətbiq edir. Rəsmi Parisin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərində tutduğu birtərəfli mövqe regionda sülhə deyil, öz maraqlarının reallaşdırılmasına xidmət edən “yeni oyun” kimi dəyərləndirilməlidir. Lakin Azərbaycan dövləti beynəlxalq arenada Fransanın neokolonial siyasətini ifşa etmək istiqamətində təsirli platformalardan istifadə etməklə önəmli nəticələrə nail olub.

Bu gün Bakı Təşəbbüs Qrupunun xətti ilə paytaxtımızda keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı beynəlxalq konfrans da bunun əyani nümunələrindən biridir. Bakı Təşəbbüs Qrupu son illərdə müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətində həqiqətən də çox iş görüb və mühüm irəliləyişə nail olub. 21-ci əsrin ən ciddi geosiyasi və etik problemlərindən biri olan neokolonializm fenomeni və ona qarşı mübarizə bu gün rəsmi Bakının xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Azərbaycan “informasiya müstəmləkəçiliyi”nə qarşı mübarizədə aparıcı rol oynayır. 21-ci əsrdə ənənəvi media neokolonialist dövlətlərin nəzarətində olsa da, lakin müstəqil media və Bakı Təşəbbüs Qrupu kimi alternativ platformalar dekolonizasiya işinin aparılmasında ciddi nəticələr əldə edə bilər. Fransa kimi ölkələr isə anlamalıdırlar ki, artıq informasiya və rəqəmsal texnologiyalar əsrində köhnə “sömürgəçilik” metodları ilə uzunmüddətli geosiyasi hegemonluğu davam etdirmək mümkün deyil.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri