Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin cari ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında layihənin dəqiq nə vaxt dərc olunacağını söyləməsə də, bunun ilin sonuna qədər baş verəcəyini bildirib.
Onun sözlərinə görə, layihənin təqdimatı parlament seçkiləri ilə əlaqədar təxirə salınıb. O qeyd edib ki, hakimiyyət seçki prosesinin başa çatmasından sonra yeni konstitusiya layihəsinin geniş ictimai müzakirəsini təşkil etməyi məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi regionda da diqqətlə izlənilir. Azərbaycan uzun müddətdir Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasının dayanıqlı sülh sazişinin imzalanması baxımından vacib olduğunu bəyan edir. Paşinyan isə daha əvvəl yeni Konstitusiyanın qəbulunun Ermənistanın daxili gündəliyindən irəli gəldiyini bildirib.//musavat//