Hikmət Hacıyev: Azərbaycan problemlərini həll etmək üçün beynəlxalq təşkilatları gözləmir

Azərbaycan beynəlxalq təşkilatların onun problemlərini həll edəcəyini gözləmir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib. Bu barədə “Zafertv.az” “Report”a istinadən məlumat verir.

Onun sözlərinə görə, region ölkələri və regiondan kənar dövlətlər öz maraqlarını irəli sürə və müvafiq bölgənin inkişafına töhfə verə bilərlər.

“Biz beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Lakin, məsələn, ATƏT uğursuz təşkilata çevrildi və regiondakı münaqişənin həllinə nail ola bilmədi. ATƏT-in Minsk Qrupu da uğursuz oldu. Nəticədə biz münaqişəni hərbi və siyasi vasitələrlə həll etdik və sülhə nail olduq. Azərbaycan və Ermənistan hazırda əməkdaşlıq edir və sülh gündəliyini dərinləşdirir.”

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan öz gündəliyini özü müəyyən edir.

“Bəziləri bunun hərbi güclə bağlı olduğunu düşünür. Bizim yanaşmamız isə odur ki, biz rəqabətdə iştirak etmirik. ‘Orta güc’ yanaşması problemlərin həllinə yönəlmiş istiqamətdir. Bundan əlavə, Azərbaycan üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın uğurlu nümunəsidir.”