Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana minnətdardır.
“Zafertv.az” “Report”a istinadən məlumat verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov jurnalistlərə Lənkəranda bildirib.
Rusiyanın verdiyi məlumata görə, İrana 13 tondan çox humanitar yük – dərman və tibbi ləvazimatlar göndərilir.
Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.