Rusiya prezidenti Vladimir Putinin dünyanı taktiki nüvə silahından istifadə edə biləcəyilə hədələməsi və bu hədənin blef olmadığını söyləməsi insanları qorxuya salıb.
Artıq Rusiyanın özündə də ölkə başçısından narazılıq getdikcə artır. Kremldə Putinin hakimiyyətdən getməsini istəyənlərin az olmadığı bildirilir.
Modern.az-ın məlumatına görə, bəzi rusiyalı analitiklər deyirlər ki, gələcək hakimiyyət uğrunda savaş ordu ilə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin şərti olaraq “FSB komandası” adlanan qrupu arasında gedir. Patruşev oğlunu ölkənin növbəti prezidenti etmək istəyir.
“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, Putin üçün əsas hakimiyyəti qoruyub saxlamaq, bu, mümkün olmayacağı halda isə onu hərbçilərə verməməkdir. Hərbçilər hakimiyyəti götürsələr, 20-25 ildə qurulmuş “KQB-FSB ierarxiyası” darmadağın ediləcək. Putinin özü və yaxın ətrafı da daxil olmaqla təbii ki”.
Ekspertin sözlərinə görə, Rusiya ordusunun təklifi əsasında Putinin qərarı ilə elan olunmuş “biabırçı səfərbərlik” sırf siyasi aksiyadır və prezidentin tam nüfuzdan salınmasına hesablanıb.
“Təbii ki, Kremlin sahibi də bunu anlayır, amma görünür, müqavimət göstərmək imkanı da durmadan azalmaqdadır. Bir sıra Rusiya mənbələri bildirir ki, Nikolay Patruşev hakimiyyət dəyişikliyi ilə bağlı artıq bir neçə xarici güclərlə danışıq aparır. Onların arasında Çinin, ABŞ-ın və Türkiyənin olduğu bildirilir. Hər bir halda, Putinin Ukraynaya qarşı başlatdığı müharibənin artıq Moskvadakı dövlət kabinetlərinə çatdığı şübhə doğurmur. Elə əvvəldən gözlənilən də bu idi”.
Bir sıra xarici KİV-lər də Rusiyada prezidentin varisinin təhlükəsizlik qüvvələrindən “doğula biləcəyi”ni yazır. Qərb mətbuatı buna işarə edərkən Nikolay Patruşevin oğlundan bəhs edib.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin iki oğlu var – Dmitri və Andrey.
Patruşevin Rusiya prezidenti postuna gətirmək istədiyi böyük oğlu – nazir Dmitri Patruşevdir. Dmitri Patruşevin Putinin varisi olmasını zəruri edən vacib arqumentlərdən biri kimi “Sankt-Peterburq klanı”nda yer almasıdır. Rusiyanın siyasi elitasını və hakim komandanın əsas nüvəsini məhz “Sankt-Peterburq klanı”nın üzvləri təmsil edir.
Məlumatlara görə, Dmitri Patruşev “Sankt-Peterburq klanı” üzvlərinin övladları arasında müsbət reputasiyaya malik olan yeganə simadır.