Heç kim Avropa Parlamentinə Cənubi Qafqazda münsiflik və moderatorluq səlahiyyəti verməyib

Avropa Parlamentinin növbəti dəfə anti-Azərbaycan xarakterli addım atmasına qətiyyən təəccüblənmirik. Azərbaycan xalqı və dövləti ərazilərimizin 30 ildən artıq müddətdə işğalda qalmasına, yüzlərlə şəhər və kəndlərimizin viran edilməsinə, tarixi və mədəni irsimizin dağıdılmasına və 1 milyondan artıq məcburi köçkünün pozulmuş hüquqlarına biganə qalan, habelə 44 günlük Vətən müharibəsi zamanı və 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına qərəzlə yanaşan bu qurumun davamlı ədalətsizliyinə və qeyri-obyektivliyinə artıq öyrəncəlidir. Bu baxımdan avroparlamentarilərin qəbul etdikləri 2025-ci il 18 dekabr tarixli qətnaməsi bizim üçün yenilik deyil. Avropa Parlamenti özünün həmişəki qərəz və ədalətsizlik ampluasındadır.

Antitürk və islamofob mövqeyi ilə tanınan Avropa Parlamentinin qəbul etdiyi destruktiv sənəd Azərbaycanın daxili işlərinə qarışmağa və ölkəmizə siyasi təzyiq göstərməyə hesablanıb. Bir sıra liberal-qlobalist qurumlar kimi Avropa Parlamenti də bu və ya digər ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa vərdiş edib. Onların məqsədi hədəfə aldıqları ölkələrdə məqsədyönlü şəkildə qeyri-sabitlik yaratmaq, siyasi təxribatlar törətmək, “məxməri inqilab”lar yoluyla hakimiyyət çevrilişləri həyata keçirməyə nail olmaqdır. Azərbaycan da onların daimi hədəfindədir.

Lakin avroparlamentarilər unudurlar ki, Azərbaycan müstəqil siyasət yürütməsi ilə tanınan suveren ölkələr sırasındadır. Azərbaycan, öz suveren hüquqlarını heç kimə, o cümlədən Avropa Parlamentinə güzəştə getməyə hazırlaşmır. Bu qurumun kirli siyasi məqsədlərə xidmət edən qətnaməsi Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Biz bu qətnaməni qərəzli bir sənəd kimi qiymətləndirir və onu qətiyyətlə rədd edirik. Avropalı seçicilər öz parlamentarilərinin təxribatçı əməllərinə görə onları sorğulamalıdırlar. Avropa Parlamentinin üzvləri bir daha göstərdilər ki, onlar parlamentarizmlə yox, qlobal təxribatçılıqla məşğuldurlar.

Avropa Parlamentinin son qətnaməsi həm də onu göstərir ki, ABŞ prezidenti Co Baydenin hakimiyyətdən getməsilə dünyada solçu-qlobalist dairələrinin hegemonluq erası bitsə də, lakin bu qurum Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmaq, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq niyyətlərindən hələ də əl çəkməyib. Sözügedən qətnamə də açıq-aşkar məhz Azərbaycanın təşəbbüskarı olduğu sülh və normallaşma prosesinə dolayı yolla mane olmaq cəhdidir. Başqa sözlə desək, Avropa Parlamenti qaşınmayan yerdən qan çıxarmağa çalışır, sülhə dəstək vermək əvəzinə, yeni eskalasiyaya şərait yaradır. Ancaq yaxşı olar ki, avroparlamentarilər Cənubi Qafqaz məsələləri ilə yox, Avropanın özünü siyasi və iqtisadi böhrana aparan daxili məsələləri ilə məşğul olsunlar. Onlar bilməlidirlər ki, heç kim Avropa Parlamentinə Cənubi Qafqazda münsiflik və moderatorluq səlahiyyəti verməyib.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri