Böyük Britaniya Hörmüz boğazına hücumlar üçün ABŞ-a bazalarını açmaq qərarına gəldi

Böyük Britaniya ABŞ-ın Hörmüz boğazında İran hədəflərinə hücum etmək üçün Britaniya bazalarından istifadəsini təsdiqləyib.

Baş nazirin ofisindən verilən açıqlamaya görə, Britaniya nazirləri cümə günü İrandakı müharibə və İranın Hörmüz boğazını bağlamasını müzakirə etmək üçün bir araya gəliblər.

“Zafertv.az” bu barədə “BBC News”a istinadən xəbər verir.

Ölkə əvvəllər ABŞ qüvvələrinə öz maraqlarını və ya vətəndaşlarının həyatını qorumağa yönəlmiş əməliyyatlar üçün bazalarından istifadə etməyə icazə vermişdi.

Nazirlər bu gün razılığa gəliblər ki, ABŞ-ın Britaniya bazalarından istifadəsinin genişləndirilməsi Hörmüz boğazındakı gəmilərin qorunmasını da əhatə edə bilər.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı verdiyi açıqlamada Britaniyanın bu addımının “çox gec verilən cavab” olduğunu bildirib.

Britaniyanın qərarı onun Yaxın Şərqdəki hücumlarda birbaşa iştirak edəcəyi anlamına gəlmir.

Baş nazirin ofisi vurğulayıb ki, “Böyük Britaniyanın münaqişəyə yanaşmasının arxasında duran prinsiplər eyni olaraq qalır”.

Bundan əlavə, bildirilib ki, “nazirlər gərginliyin azaldılması və müharibənin tez bir zamanda həllinə nail olunmasının təcili ehtiyacını vurğulayıblar”.