DİM 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların qeydiyyatı 17 may saat 23:59-dək internet vasitəsi ilə aparılır.
2022-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da bu səhifəyə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.
Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar, həmçinin Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi ray., H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.