Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə qeyd olunub ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq. Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Zafer Tv DİN-ə istinadən xəbər verir ki, daxil olan məxfi məlumat əsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş daha üç şəxs – 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.