“Fransanın birtəfəli və ABŞ-ın sürüşkən mövqeyi davamlı sülhə xidmət etmir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş sonrası tərəflərin optimist bəyanatları regionda davamlı sülhün yaranacağına ümidləri artırsa da, görünür əmin-amanlıq və davamlı sülh yaranması istiqamətində atılan addımlar kimlərisə ciddi narahat edir. Bu danışıqlardan sonra Zəngəzur dəhlizi ilə bağlı çalışmalar sürətləndirildi.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vasif Əfəndi deyib.

O qeyd edib ki, Rusiya “türk dəhlizinə” qoşulmaqda maraqlıdır və 10 noyabr razılşamasının bu bəndinə xüsusi diqqət yetirir: “Dəhlizin açılması əslində sülhün dayanıqlı olması deməkdir. Avropa İttifaqının xoşməramlı missiyası fonunda sülhün möhkəmlənməsini istəməyən qüvvələrin müxtəlifliyi narahatlıq doğurur. Fransanın birtəfəli və ABŞ-ın sürüşkən mövqeyi davamlı sülhə xidmət etmir. Bir həftədir ki, “Minsk qrupu” adlanan ölü təşkilatın fəaliyyətsiz sədri Yerevana gələrək öz fəaliyyətlərini legitimləşdirməyə çalışır. ABŞ dövlət katibi Blinkenin dünən axşam və bu gün gecə saatlarında sərhədlərimizi pozan Ermənistana deyil, ümumilikdə hər iki tərəfə ünvanlanan müraciətində “münaqişənin hərbi yolla həlli yoxdur” deməsi Minsk Qrupunun bərpası üçün əsas yaratmaqdır. Rusiya isə düşdüyü çətin durumuna baxmayaraq hələ də tərəfsizliyini qoruya bilib. Hesab edirəm ki, Rusiya indiki şəraitdə tərəfsizliyini buraxaraq haqlı olan tərəf, Azərbaycanı birmənalı dəstəkləməlidir. İran isə hər zaman olduğu kimi öz ampluasındadır və artıq şərhə ehtiyac görmürəm.

Bu bizim haqq savaşımızdır, şəhid olan əsgər və zabitlərimizə görə çox üzülürəm və xalqımıza baş sağlığı verirəm. Azərbaycan xalqı 30 il öncəki xalq olsa da bu gün ordumuz və dövlətimiz çox güclüdür. Biz tarixin verdiyi bu şansı əldən verməyəcəyik. Biz vətən məsələsində bütöv xalqıq və Ali Baş Komnadanın yanındayıq”.