Məşhur jurnalist axtarışa verildi

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi məşhur rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorovu beynəlxalq axtarışa verib.

Bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, mayın 4-də Nevzorovun vəsiqəsi Rusiya Daxili İşlər Nazirliyinin axtarışında olan şəxslərin məlumat bazasında peyda olub.

Qeyd edək ki, Nevzorov aprelin 19-da özünün İnstaqram səhifəsində Ukraynaya qarşı döyüşən və əlində unitaz olan rus əsgərinin şəklini yerləşdirib. O, şəklə “Rus əsgəri-quldur” adı verib.

“Putinin Ukraynadakı müharibəsi Rusiyanın başladığı ən biabırçı savaşdır”, – deyə Nevzorov bildirib.

Müharibə başlayandan sonra İsrailə köçən jurnalist rəsmi Moskvanın ən qatı tənqidçilərindəndir.