Kreml Ukraynaya qarşı əsassız hücumu və dinc sakinlərin öldürülməsini Putinin auditoriyasına izah etmək üçün daha “denasifikasiya” ifadəsindən istifadə etməyəcək.
Axar.az xəbər verir ki, bu barərə “Proyekt” nəşri məlumat yayıb.
Bildirilib ki, müharibənin başlamasından bir həftə sonra Kreml öz sosioloqlarına rusların təbliğat tezislərinə münasibətini öyrənmək üçün gizli telefon sorğuları keçirmələrini tapşırıb.
Kremlə yaxın sosioloq və polittexnoloqlar təsdiq ediblər ki, respondentlər “denasifikasiya”nın nə olduğunu belə bilməyiblər. Hətta əksəriyyət bu sözü tələffüz edə bilməyib.
Mənbə bildirib ki, məhz bundan sonra Rusiya prezidentinin ətrafında çaxnaşma yaranıb. “Hər həftə yeni sözlər axtardılar, amma uğurlu nəsə tapa bilmədilər”, – mənbə qeyd edib.
Nəşrin məlumatına görə, nəticədə rəsmi telekanalların efirində “denasifikasiya” sözündən istifadə sürətlə azalmağa başlasa da, tam imtina etmək mümkün olmayıb. Çünki prezidentin səsləndirdiyi hədəfi unutmaq olmaz.
Hətta Dmitri Kiselyovun “Vesti nedeli” proqramında bu, aydın hiss olunur. Müharibənin ilk günlərində Kiselyov verilişin ən azı 7 dəqiqəsini bu sözü izah etməyə sərf edirdisə, aprel buraxılışlarında ya bu termini işlətmir, ya da cəmi bircə dəfə səsləndirir.