Komitə sədri Teymur Zeynalovu təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış alim, Teymur Zeynalovu 80 illik yubileyi münasibəti ilə təbrik edib.

Q.Paşayeva alimə Mədəniyyət Komitəsinin təbrik məktubunu və Qarabağ motivli hədiyyələr təqdim edib.

Qeyd edək ki, alim 10 aprel 1942-ci ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olub, 1960-1962-ci illərdə Bakı Kooperativ Texnikumunu fərqlənmə diplomu ilə bitirərək, Böyük Qışlaqda çalışıb. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olub və təhsilini 1966-cı ildə yeni yaradılan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU) davam etdirib. 1969-cu ildə fərqlənmə diplomu ilə məzun olub. 1976-cı ildə iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

1992-1996-cı illərdə Azərbaycan Yeyinti Sənaye İnstitutunda tədris işləri üzrə prorektor, 1996-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetində İqtisad fakültəsinin dekanı, 2000-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlil kafedrasının müdiri, 2001-2005-ci illərdə həmin universitetdə qiyabi təhsil üzrə Uçot-iqtisad fakültəsinin dekanı, 2005-ci ildən isə qiyabi təhsil üzrə dekan müavini işləyib.

103 elmi məqalənin, 1 monoqrafiyanın, 2 dərslik (ortaq), 2 dərs vəsaiti, 6 metodik göstəriş və 8 proqramın müəllifidir.