Azərbaycan artıq münasibətlərini emosional və ya ideoloji deyil, real güc mərkəzləri üzərindən qurur
İrəvan və Moskva Əliyevin Berlin səfərinin nəticələrindən niyə narahatdır?
Azərbaycan və Almaniyanın strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya, elm və texnologiya sahələrini əhatə edən bir sıra müqavilələr imzalaması, eləcə də Almaniyanın Azərbaycandan qaz ixracının 2 milyard kubmetrə qədər artırılması Rusiya və Ermənistanda ciddi narahatlıq doğurub. Qeyd edək ki, “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması İtaliyanın kursunun düzgünlüyünü təsdiqləmiş oldu. Almaniya İtaliyadan sonra Azərbaycanla eyni müqaviləni imzalayan ikinci böyük Avropa ölkəsidir.
Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Almaniya Federal Kansleri Fridrix Merts ilə görüşün nəticələri hər iki ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Merts Əliyev ilə görüşün nəticələrindən və imzalanan anlaşmalardan məmnun qalaraq Cənub Qaz Dəhlizini etibarlı təchizat yolu kimi dəyərləndirib və Almaniyanın Azərbaycanla uzunmüddətli münasibətlər qurmaq niyyətində olduğunu bildirib. Eyni zamanda, Almaniya Kansleri Azərbaycandan qaz ixracının 2 milyard kubmetrə kimi artırılmasının uğurlu addım olduğunu qeyd edib.
Qayıdaq səfər çərçivəsində Berlində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin və bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına dair Birgə Bəyannamənin imzalanmasına. Bu sənədlər həqiqətən də iki ölkə arasında əməkdaşlığa tamamilə yeni məzmun qazandıır. Sənədlərdən biri Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələsinin əsas siyasi sənədidir, digəri isə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm platforma yaradır. Əgər bir neçə il əvvəl Azərbaycan–Almaniya münasibətlərində əsas diqqət ilk növbədə enerji əməkdaşlığına yönəlirdisə, lakin bu gün isə həm Bakı, həm də Berlin enerji təhlükəsizliyi ilə yanaşı, sənaye, texnologiya, logistika, yaşıl enerji, investisiyalar və biznes əlaqələrinin inkişafı məsələlərinə də xüsusi diqqət ayırır.
Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya Azərbaycanı enerji təhlükəsizliyinin vacib iştirakçılarından biri kimi qəbul etməklə bərabər, həm də etibarlı tərəfdaş kimi dəyərləndirir. Azərbaycan ardıcıl və sabit siyasəti ilə beynəlxalq münasibətlər müstəvisində etibarlı ölkə imicini formalaşdırmağa nail olub. Bu kontekstdə Berlinin də Bakıya güvənli tərəfdaş kimi yanaşdığını görürük. İlham Əliyevin Almaniya səfərinin nəticələri göstərdi ki, Azərbaycan artıq Avropa İttifaqının (Aİ) aparıcı ölkələri ilə çoxşaxəli əməkdaşlıq münasibətləri qurur. Almaniyanın Avropanın ən böyük iqtisadiyyatı olması bu prosesə xüsusi çəki verir. Berlinin Bakı ilə münasibətləri dərinləşdirməsi, əslində, Aİ daxilində Azərbaycanın rolunun artdığını göstərən mühüm siqnaldır. Bu, həm də Azərbaycanın uzunmüddətli və ardıcıl xarici siyasət kursunun nəticəsi kimi görünür: Bakı özünü yalnız regional oyunçu kimi deyil, Avropa enerji və iqtisadi təhlükəsizliyinin vacib elementi kimi təqdim etməyi bacarır.
Erməni politoloq Varujan Geqamyan məhz bu məqama xüsusi diqqət yetirərək qeyd edir ki, bu gün rəsmi İrəvanın diqqət mərkəzində saxlamalı olduğu ən vacib məsələlərdən biri Azərbaycanın beynəlxalq səhnədə artan roludur. Onun sözlərinə görə, Prezident İlham Əliyev Avropa İttifaqı ilə ardıcıl şəkildə işləyir və özünü getdikcə regional vasitəçi kimi təqdim edir. O, buna nümunə olaraq Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən son görüşü göstərib. “Daha güclü Azərbaycan = Ermənistana bütün əsas məsələlərdə – dəhlizdən tutmuş Ermənistan ordusunun say tərkibinin və silah arsenalının azaldılmasına qədər – daha böyük təzyiq deməkdir”, – Geqamyan yazır. Erməni təhlilçinin bu fikirləri Əliyevin Berlinə səfərinin fonunda səsləndirməsi heç də təsadüfi deyil. Avropa trekində ənənəvi olaraq daha çox Fransa ilə sıx əlaqələrə üstünlük verən Ermənistan tərəfi, bu gün Fransanın Avropa İttifaqındakı (Aİ) moderator mövqeyini sürətlə itirdiyini görür və bundan narahat olur. İlham Əliyevin Almaniyanı Aİ-də iqtisadi cəhətdən ən çox inkişaf etmiş və yeganə aparıcı ölkə adlandırması Fransa lideri Emmanuel Makronla yanaşı, erməniləri də düşünməyə vadar edir. Azərbaycan Prezidentinin bu mesajı Fransanın hazırkı iqtidarının qüruruna və imicinə növbəti incə diplomatik, sarsıdıcı zərbə idi.
Rusiyalı politoloq Qriqori Trofimçukun İlham Əliyevin Almaniya ilə (əslində Aİ ilə) oraya neft və qaz tədarükü barədə fundamental, uzunmüddətli müqavilə bağlaması xəbərinin Rusiya mediasını silkələdiyini qeyd etməsi də təsadüfi deyil. Azərbaycanın faktiki olaraq Rusiyanın yerini tutduğunu bildirən Q.Trofimçuk, Rusiya Federasiyasının özünün bunu istəmədən, Azərbaycana ən əlverişli şəraiti yaratdığını yazır və ona görə də rusiyalı “patriot”ların Əliyevə qarşı qəzəblənmələrinin yersiz olduğunu yazır: “Ona görə də bu gün sırf vətənpərvər rusların Əliyevə qarşı kor-koranə qəzəbi mənasızdır”. Əslində, rusiyalı politoloq bununla demək istəyir ki, bu gün Avropanın enerji təminatında Azərbaycanın önə keçməsinin günahkarı birbaşa Putinin özüdür. Çünki onun yürütdüyü sərsəm siyasət nəticəsində beynəlxalq iqtisadi sanksiyalar Rusiyanı getdikcə daha çox təcrid vəziyyətinə salır. Azərbaycan isə yaranmış əlverişli fürsətdən düzgün istifadə edir.
Yekun olaraq bir daha qeyd edək ki, Ermənistan və Rusiyanın narahatlığının səbəbləri təsadüfi deyil. Azərbaycan Avropa ilə, xüsusilə də Almaniya kimi aparıcı dövlətlərlə münasibətlərini gücləndirdikcə, regionda siyasi balans dəyişir. Ermənistan üçün bu, ənənəvi diplomatik dayaqların zəifləməsi deməkdir. Xüsusilə Fransa üzərindən qurulan siyasi ümidlərin zəifləməsi İrəvanda əlavə narahatlıq yaradır. Rusiyaya gəlincə, məsələ daha dərin geosiyasi xarakter daşıyır. Azərbaycan Avropa bazarında enerji və siyasi tərəfdaş kimi mövqeyini gücləndirdikcə, Moskvanın postsovet məkanındakı təsir imkanları davamlı surətdə azalır. Rusiyalı politoloqların reaksiyası da bunu göstərir: onlar Azərbaycanın artan rolunu artıq sadəcə regional hadisə kimi deyil, Rusiyanın maraq dairəsinə təsir edən faktor kimi görürlər.
Rəsmi Bakının həm enerji, həm də siyasi diplomatiya sahəsində çoxvektorlu siyasət aparması Azərbaycanın manevr imkanlarını artırır və onu müxtəlif güc mərkəzləri üçün vacib tərəfdaşa çevirir. Erməni politoloqun “daha güclü Azərbaycan = Ermənistana daha böyük təzyiq” fikri də əslində bu reallığın etirafıdır. Yəni Azərbaycanın güclənməsi təkcə iqtisadi və diplomatik uğur deyil, həm də regional güc balansında dəyişiklik deməkdir. Ermənistan tərəfi bunu təhlükə kimi görür, çünki Azərbaycan beynəlxalq platformalarda mövqeyini möhkəmləndirdikcə, İrəvanın manevr sahəsi daralır. Digər bir mühüm xətt isə Fransanın Aİ daxilindəki rolunun zəifləməsi ilə bağlıdır. Ermənistanın uzun müddət Fransaya xüsusi ümid bağlaması məlumdur. Lakin Avropa siyasətində Almaniyanın iqtisadi çəkisi və institusional təsiri daha böyükdür. Buna görə də Azərbaycanın Berlinlə münasibətləri dərinləşdirməsi, dolayısı ilə, Fransanın regiondakı siyasi üstünlük iddialarını zəiflədir. Bu baxımdan, İlham Əliyevin Almaniyanı Aİ-nin iqtisadi baxımdan ən güclü və aparıcı ölkəsi kimi təqdim etməsi sadəcə diplomatik kompliment deyil, həm də strateji seçimdir. Bu mesaj həm Avropaya, həm də regiondakı rəqiblərə ünvanlanmış aydın siqnaldır: Azərbaycan artıq münasibətlərini emosional və ya ideoloji deyil, real güc mərkəzləri üzərindən qurur.
Ümumilikdə, Azərbaycan–Almaniya sənədlərinin imzalanması Azərbaycanın xarici siyasətində yeni mərhələnin göstəricisidir. Bu mərhələ enerji əməkdaşlığından daha geniş iqtisadi-siyasi tərəfdaşlığa keçidi ifadə edir. Almaniyanın Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi, Cənub Qaz Dəhlizinə strateji baxışla yanaşması və uzunmüddətli münasibətlərə hazır olduğunu bildirməsi Bakının diplomatik uğurudur. Eyni zamanda, Ermənistan və Rusiyada yaranan narahatlıq da təsadüfi deyil: Azərbaycan beynəlxalq arenada gücləndikcə, regiondakı köhnə təsir balansı dəyişir. Bu dəyişiklik isə həm İrəvan, həm də Moskva üçün yeni reallıqlara uyğunlaşma zərurəti yaradır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri