ABŞ Dövlət Departamenti Livanda İsrail və Hizbullah arasında qarşıdurmaların dayandırılması məqsədi ilə İsrail-Livan danışıqlarının yeni mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu açıqladı.
Nazirliyin sözçüsü 8 mayda verdiyi açıqlamada bildirib ki, 14 və 15 mayda keçiriləcək “intensiv” danışıqlar “İsrail üçün davamlı təhlükəsizliyin, Livanın suverenliyinin və yenidən qurulmasının” təmin edilməsini hədəfləyəcək.
ABŞ və İsrail bildirirlər ki, istənilən sülh razılaşması Hizbullahın tamamilə tərksilah edilməsini tələb edir, lakin şiə militant qrupu ötən ay Vaşinqtonda İsrail və Livan səfirləri arasında başlayan danışıqları rədd edir.
Kövrək atəşkəs razılaşdırılıb, lakin həm İsrail, həm də Hizbullah tərəfindən dəfələrlə pozulub.
İsrailin Beyruta hücumu.
Nəhayət, mayın 6-da İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Beyrutda hücum təşkil etdiyini və hədəfin Hizbullahın yüksək rütbəli komandiri olduğunu açıqladı.
Netanyahu bildirib ki, o və İsrail müdafiə naziri İsrael Katz “Hizbullahın Radvan Qüvvələrinin komandirini zərərsizləşdirmək üçün Beyrutda dərhal hücum” əmri veriblər.
Netanyahu sosial media paylaşımında Radvan Qüvvələrinin “İsrail yaşayış məntəqələrini atəşə tutmaq və İsrail əsgərlərinə zərər verməkdən məsul olduğunu” iddia edərək əlavə edib: “İsrailin uzun qolları hər bir düşmənə və qatilə çatacaq”
Netanyahu həmçinin bildirib ki, “Bu, belə edilir və belə də davam edəcək”.
İsrail hücumları həftələrdir ilk dəfə Beyrutu hədəfə alıb.
Hücumlar paytaxtın cənub ətraflarını hədəf alıb.
İnternetdə paylaşılan görüntülərdə Dahiye kimi tanınan ərazidə baş verən zərbənin təsirindən binanın ətrafında geniş dağıntılar olduğu görünür.
İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunsa da, İsrailin Livanın cənubunda hava hücumları davam edir və son günlərdə mülki şəxslər də daxil olmaqla yüzdən çox insan həyatını itirib.
İsrail hücumların Hizbullahın razılaşmanı pozmasına cavab olaraq həyata keçirildiyini bildirir.
Hizbullah həmçinin Livanın bəzi yerlərində və İsrailin şimalında yerləşən İsrail əsgərlərinə hücum etdiyini və bunun İsrailin qanun pozuntularına cavab olduğunu bildirib.

MƏNBƏ,ABİR SULTAN/EPA/SHUTTERSTOCK
İsrail və Livan arasında atəşkəs rejimi aprelin 23-də daha üç həftə uzadılıb.
Aprelin 23-də başlayan və üç həftə uzadılan atəşkəsin mayın 13-də başa çatacağı gözlənilirdi.
ABŞ Dövlət Departamenti əvvəllər atəşkəs razılaşmasının məzmunu ilə bağlı aşağıdakı məlumatları paylaşmışdı:
- İsrail istənilən vaxt istənilən hücuma qarşı özünümüdafiə üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
- Livan Hizbullahın və bütün digər qeyri-dövlət silahlı qruplarının İsrail hədəflərinə hücum etməsinin qarşısını almaq üçün “mənalı addımlar” atmalıdır.
- Tərəflər Livanın təhlükəsizliyinin yalnız Livan təhlükəsizlik qüvvələrinin məsuliyyəti olduğu barədə razılığa gəliblər.
- İsrail və Livan ABŞ-dan “qalan bütün məsələlərin həllinə” yönəlmiş birbaşa danışıqların davam etdirilməsinə kömək etməsini istəyiblər.
Bəyanatda həmçinin qeyd olunur ki, atəşkəs İsrailin iki tərəf arasında “davamlı təhlükəsizlik və sülh razılaşması üçün xoşməramlı danışıqlara” imkan yaratmaq üçün etdiyi “xoşməramlı jest”dir.
(BBC.News)