Martın 26-sı səhər saatlarında İstanbulda Bosfor boğazı sahillərində xam neft tankerində partlayış baş verib. Zafertv.az bu barədə “BBC News”a istinadən xəbər verir.
Xarici İşlər Nazirliyi 26 mart axşamı yayımlanan açıqlamada bildirib ki, “Qara dənizdə törədilən hücumu böyük narahatlıqla qarşılayırıq”.
Nazirliyin sözçüsü Öncü Keçeli, Syerra-Leone bayrağı altında üzən və bir Türk şirkəti tərəfindən idarə olunan “ALTURA” tankerindəki 27 türk ekipaj üzvünün sağlamlıq vəziyyətinin yaxşı olduğunu təsdiqləyib.
O, bildirib ki, “hücumla bağlı lazımi araşdırmalar və texniki müdaxilələr müvafiq qurumlarımız tərəfindən aparılıb.
Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu daha əvvəl 24 TV-yə verdiyi müsahibədə gecə yarısından sonra İstanbul sahillərində tankerin mühərrik otağında partlayış xəbəri aldıqlarını və gəminin təcili axtarış-xilasetmə mərkəzinə məlumat verdiyini bildirmişdi.
“Biz inanırıq ki, mühərrik otağı xüsusi olaraq hədəfə alınıb”, – deyə nəqliyyat naziri bildirib və əlavə edib ki, onlar hücumun pilotsuz sualtı vasitə tərəfindən həyata keçirildiyini düşünürlər.
Öncü Keçeli Türkiyənin Qara dənizdəki Xüsusi İqtisadi Bölgəsində baş verən hücumun “beynəlxalq hüquqa zidd” olduğunu bildirib.
“Müharibənin Qara dənizdə daha da yayılmasının və şiddətlənməsinin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqələrimizi davam etdiririk”, – deyə o əlavə edib.
O, həmçinin Türkiyənin beynəlxalq hüquq çərçivəsində lazımi tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.
AB və Böyük Britaniyanın sanksiya siyahısı
Reuters xəbər agentliyinin NTV-yə istinadən verdiyi məlumata görə, İstanbul sahillərində hədəf alınan gəminin adı Alturadır.
Xəbərdə bildirilirdi ki, təxminən 1 milyon barel xam neft daşıyan tanker Qara dənizdə, Bosfor sahillərindən 15 mil aralıda pilotsuz uçuş aparatı tərəfindən vurulub. Gəminin göyərtəsinə və mühərrik otağına ziyan dəyib.
Həmçinin gəminin körpüsünün zədələndiyi və tankerin mühərrik otağında su götürdüyü bildirilib.
Reuters agentliyinin məlumatına görə, Sierra Leone bayrağı altında üzən tanker kömək istədikdən sonra hadisə yerinə təcili yardım gəmiləri göndərilib.
Gəmilərin hərəkətini izləyən vesselfinder.com saytının məlumatına görə, tanker sonuncu dəfə Rusiyanın Novorossiysk limanında lövbər salıb.
Reuters agentliyinin məlumatına görə, hücuma məruz qalan Altura gəmisi Avropa Birliyi və Böyük Britaniyanın sanksiya siyahısındadır.