Meta və Google şirkətləri sosial media asılılığı işində məsuliyyət daşıyır

Los-Ancelesdə yerləşən bir məhkəmə, uşaqlıq dövründə sosial mediaya asılılıq səbəbilə Meta və Google şirkətlərinə qarşı iddia qaldıran gənc qadınla bağlı presedent xarakterli qərar qəbul edib. Bu barədə Zafertv.az “BBC news”a istinadən məlumat verir.

Məhkəmə müəyyən edib ki, bu şirkətlər 20 yaşlı Kaley kimi tanınan qadının psixi sağlamlığına zərər verəcək şəkildə asılılıq yaradan sosial media platformalarını məqsədli şəkildə inkişaf etdiriblər.

Bu qərarın ABŞ-da hazırda baxılan yüzlərlə oxşar məhkəmə işinə təsir göstərə biləcəyi bildirilir.

Meta şirkətinin vəkilləri Kaleyin həyatında müəyyən çətinliklərin olduğunu qəbul etsələr də, şirkətə məxsus İnstagram platformasından istifadənin bu vəziyyətə səbəb olmadığını müdafiə ediblər.

Təxminən beş həftə davam edən məhkəmə prosesindən sonra qərara alınıb ki, dəymiş ziyanın 70%-nə görə Meta, 30%-nə görə isə Youtube məsuliyyət daşıyır.

Meta açıqlamasında bildirib: “Qərara hörmətlə yanaşırıq, lakin razı deyilik və hüquqi seçimlərimizi dəyərləndiririk”.

Fevral ayında ilk dəfə məhkəmədə ifadə verən şirkətin rəhbəri Mark Zuckerberg, 13 yaşdan kiçik istifadəçilərin platformalara qəbul edilməməsi ilə bağlı uzunmüddətli siyasətlərini vurğulayıb.

Şirkətin azyaşlı istifadəçilərin platformalardan istifadə etdiyini bildiyini göstərən daxili sənədlər təqdim edildikdə, Mark Zuckerberg bu istifadəçilərin müəyyənləşdirilməsi istiqamətində “daha sürətli irəliləyişə” ehtiyac olduğunu bildirib və zamanla düzgün nəticəyə çatacaqlarını qeyd edib.

Google şirkəti də YouTube üzərindən işdə təqsirləndirilən tərəf olsa da, məhkəmə prosesi əsasən İnstagram və Meta üzərində cəmlənib.

Başlanğıcda iddiada Snapchat və Tiktokda yer alsa da, hər iki şirkət məhkəmə başlamazdan əvvəl Kaley ilə razılığa gəlib. Bu razılaşmaların detalları açıqlanmayıb.