Meksika hökuməti Florida ştatının Miqrasiya Mərkəzində meksikalının ölümü ilə əlaqədar xaricdəki vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün diplomatik və hüquqi mexanizmlərdən istifadə edir.
“Zafertv.az”ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Nazirlik ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ilə müqavilə əsasında fəaliyyət göstərən Qleyds Dairəsinin Saxlama Mərkəzində saxlanılan Meksika vətəndaşının ölümü barədə məlumat verib.
Xarici İşlər Nazirliyi bu cür halların qəbuledilməz olduğunu vurğulayıb və ABŞ-nin hakimiyyət orqanlarından hadisənin bütün hallarını müəyyən etmək üçün tez və hərtərəfli araşdırma aparmağı tələb edib.
Qeyd olunur ki, Mayamidəki Meksika Baş Konsulluğu müvafiq protokolu aktivləşdirib, müəssisəyə baş çəkib və rəsmi olaraq lazımi sənədləri tələb edib.
ABŞ tərəfinin məlumatına görə, artıq təhqiqat aparılır.
Nazirlik həmçinin mərhumun qohumlarına tam dəstək verəcəyini və xaricdəki vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün mövcud hüquqi və diplomatik mexanizmlərdən istifadə edəcəyini bildirib.