Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə birgə mətbuat bəyanatı zamanı bildirib ki, enerji Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub, indi də belədir və gələcəkdə də belə qalacaq.
“Zafertv.az”ın “Report”a istinadən verdiyi məlumata görə, dövlət başçısı vurğulayıb ki, artıq Aİ-nin 16 tərəfdaşı Azərbaycandan qaz alır.
“Enerji əməkdaşlığı həmişə tərəfdaşlığımızın mühüm hissəsi olub, indi də belədir və şübhəsiz ki, gələcəkdə də belə qalacaq. Xüsusilə də 2022-ci ildə Avropa Komissiyası ilə ‘Enerji sahəsində Strateji Tərəfdaşlıq’ adlı sənəd imzaladıqdan sonra bu əməkdaşlıq daha da güclənib. Həmin vaxtdan etibarən biz Avropa ölkələrinə qaz ixracını həm həcminə, həm də ölkələrin sayına görə artırmışıq”, – deyə o bildirib.
Prezident əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamaqda davam edir və boru kəmərləri vasitəsilə qaz ixrac edən aparıcı ölkələrdən biridir.
“Hazırda 16 ölkə Azərbaycan qazı alır. Beləliklə, bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuz artır və bu sahədə artım potensialı da kifayət qədər yüksəkdir”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi göstəriciləri də yüksək qiymətləndirib və ikitərəfli ticarətin inkişafı üçün böyük potensial olduğunu qeyd edib.
“Yanvar ayında ticarət dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə olub. Bu, Aİ-nin bizim əsas ticarət tərəfdaşımız olduğunu açıq şəkildə göstərir. Əminəm ki, yeni layihələr və investisiya imkanları sayəsində sərmayələr hər iki istiqamətdə artacaq. Biz də Avropaya aktiv şəkildə investisiya yatırırıq. Ticarət dövriyyəmiz mütləq artacaq”, – deyə dövlət başçısı bildirib.