TBMM Baş Məclisi ABŞ və İsrailin İrana hücumlarını müzakirə etmək üçün qapalı iclasa keçdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi ABŞ və İsrailin İrana yönəlik hücumlarının müzakirə olunacağı və hökumətin məlumat verəcəyi iclas üçün qapalı iclasa keçib. Zafertv.az məlumat verir ki bu barədə “TRT haber” məlumat yayıb.
Baş Məclis TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə toplaşıb.
Kurtulmuş iclasın açılışında çıxış etdikdən sonra bildirib ki, icra hakimiyyəti tərəfindən ABŞ və İsrailin İrana hücumları ilə bağlı gündəmdənkənar söz istəyi var.
O qeyd edib ki, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərin gündəmdənkənar çıxış etməsi ilə bağlı müraciət qəbul ediləcək. Kurtulmuşun sözlərinə görə, gündəmdənkənar çıxışlarda hər bir nazirə 30 dəqiqə, daha sonra söz alan siyasi partiya qruplarına 20 dəqiqə, parlamentdə qrupu olmayan partiyalardan isə 2 deputata 5 dəqiqə vaxt veriləcək.
Gündəmə keçməzdən əvvəl AK Partiyanın müzakirələrin qapalı keçirilməsi ilə bağlı təklifi səsverməyə çıxarılıb və qəbul olunub.
TBMM sədri Kurtulmuş bildirib ki, Baş Məclis zalında qala biləcək üzvlərdən başqa dinləyicilər və əməkdaşlar zaldan çıxmalıdır.
Zalın boşaldılmasını istəyən Kurtulmuş daha sonra hazırlıqlar üçün iclasa fasilə verib.
Qapalı iclasa keçildiyi üçün and içmiş stenograflar və rəsmi şəxslərdən başqa hamı Baş Məclis zalından çıxarılıb. TBMM-də Baş Məclis zalına bitişik mətbuat otaqları və kulislər də boşaldılıb.
Fasilədən sonra Baş Məclis qapalı iclası davam etdirib. Qapalı iclasda AK Partiya Qrup rəhbəri Abdullah Güler, AK Partiya sədr müavini Efkan Ala və DSP sədri Önder Aksakal da iştirak edib.