Rəsmi Moskvanın Zəngəzur dəhlizi – Tramp marşrutu ilə bağlı mövqeyini bu dəfə Rusiyanın Ermənistandakı səfiri dilə gətirib.
“Rusiyanın Tramp marşrutu (TRIPP) ilə bağlı mövqeyi kifayət qədər aydındır”.
Musavat.com bildirir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində deyib.
“Əvvəlcə Rusiya belə mövqe tutdu ki, region ölkələri arasında münasibətlərdə mövcud olan bütün ağrılı məqamları həll etmək və bunu möhkəm, uzunmüddətli əsasda etmək lazımdır ki, Cənubi Qafqaz həm tranzit marşrutu, həm də digər aspektlərdə öz potensialını tam reallaşdıra bilsin. Rusiya Ermənistan və Azərbaycanla birlikdə bunun üzərində çox fəal işləyib, o cümlədən kommunikasiyalar açıb.
Tamamilə aydındır ki, məhz üçtərəfli formatda və 2020-ci ildən 2022-ci ilə qədər qəbul edilmiş yüksək səviyyəli bəyanatlar çərçivəsində baş verən proseslər bu normallaşmanın təmin edilməsi üçün əsas olub. Rusiyanın mövqeyi dəyişməyib; Tərəflərin tələb etdiyi formada və həcmdə yardım göstərməyə hazır olduğumuzu açıq şəkildə ifadə etməyə davam edirik”, – deyə səfir bildirib.