Onlar xəyanət yolunu şüurlu şəkildə seçirlər

“Ramiz Mehdiyev işi”nin əhatə dairəsi getdikcə genişlənir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə hazırda xaricdə olan Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun axtarışa verilməsi mühüm qərardır.

Abbas Abbasovun istintaqa cəlb edilməsi həm Rusiyaya bağlı “5-ci kolon”un fəal üzvlərinin deşifrə olunmasında, həm də Azərbaycanın radikal müxalifətinin Rusiyanın keçmiş “Milyarderlər İttifaqı” tərəfindən gizli maliyyələşdirilməsinin detallarının üzə çıxarılmasında ciddi dönüş yarada bilər. Çünki Rusiyada yaşayan Abbas Abbasovun bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor strukturlarını müxtəlif qanunsuz yollarla nəzarət altına almağa çalışdığı və o cümlədən, 2012-2013-cü illərdə mövcud olmuş “Milyarderlər İttifaqı”nın vasitəsilə AXCP və “Milli Şura”ya dəstək verərək hakimiyyəti ələ keçirməyi hədəflədiyi bildirilir.

Təsadüfi deyil ki, Abbas Abbasov hakimiyyəti zorla ələ keçirmə, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunan “boz kardinal”ın qurduğu illeqal sistemin əsas fiqurlarından biri sayılırdı. O, həm də Ramiz Mehdiyevlə yaxın ailəvi dost idi. Bu cür antimilli ünsürlər üçün öz şəxsi maraqları dövlət maraqlarından həmişə öndə gəlir. Hakimiyyət hərisliyi vətənə xəyanət mövqeyində olanları öz çirkin niyyətlərini həyata keçirməyə sövq edir. Onlar xəyanət yolunu şüurlu şəkildə seçirlər. Vətənə, dövlətə xəyanət bağışlanılmaz haldır. Xaricdən idarə olunan və maliyyələşdirilən marionetlərin çirkin planlarının üstünün açılması bir daha sübut edir ki, dövlətçiliyə qarşı oyunlar gec-tez ifşa olunur.

1992-ci ildən 2006-cı ilədək baş nazirin birinci müavini vəzifəsində çalışmış Abbas Abbasov məhz özünün “xaç ata”sı Ramiz Mehdiyevin müdafiəsi nəticəsində uzun illər ərzində məsuliyyətdən kənarda qalmağı bacarmışdı. Ancaq inanırıq ki, o, tezliklə qeyd olunan cinayət işi üzrə istintaqa cəlb ediləcək. Azərbaycan dövlətinə və xalqına xəyanət edən şəxslər qanun qarşısında cavab verməli, ən ağır cəzanı almalıdırlar.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri