Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ ilə İran arasında iki həftəlik atəşkəs sazişini alqışlayıblar.
Zafertv.az “Report” istinadən xəbər verir ki, onlar müvafiq bəyanatları “X” sosial şəbəkəsindəki hesablarında paylaşım ediblər.
Fon der Lyayen atəşkəsin zəruri deeskalasiyaya kömək etdiyini bildirib və vasitəçilik səylərinə görə Pakistana təşəkkür edib. Onun sözlərinə görə, indi münaqişənin dayanıqlı həllinə nail olmaq üçün danışıqları davam etdirmək vacibdir, eyni zamanda Aİ tərəfdaşları ilə səyləri əlaqələndirmək niyyətindədir.
K.Kallas öz növbəsində qeyd edib ki, razılaşma həftələrlə davam edən eskalasiyadan sonra təhlükəli cizgidən geri atılmış bir addım oldu. O vurğulayıb ki, atəşkəs təhlükələrin azaldılması, raket zərbələrinin dayandırılması, gəmiçiliyin bərpası və diplomatiyanın inkişafı üçün imkan yaradır: “Hörmüz boğazı keçid üçün yenidən açılmalıdır”.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, bu ilkin razılaşmanın əldə olunmasına göstərdiyi köməyə görə Pakistanın xarici işlər nazirinə təşəkkür edib: “Vasitəçilik imkanı açıq qalmalıdır, çünki münaqişənin köklü səbəbləri həll olunmayıb. Aİ bu səyləri dəstəkləməyə hazırdır və regiondakı tərəfdaşlarla təmasdadır. Mən bu məsələni bu gün Səudiyyə Ərəbistanında müzakirə edəcəyəm”.