İran, Trumpın təhdidlərinə qarşı Bəbu’l-Məndəb boğazının da Hörmüz kimi bağlana biləcəyi barədə xəbərdarlıq edib

İran, ABŞ Prezidenti Donald Trampın ölkənin enerji infrastrukturuna hücum təhdidlərini həyata keçirməsi halında, yalnız Hörmüz boğazını deyil, həm də Bəbu’l-Məndəb boğazını bağlaya biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Zafertv.az “Anadolu Ajansı”na istinadən xəbər verir.

İran lideri Ayətullah Müctəba Xameneinin müşaviri Əli Əkbər Vilayəti sosial media hesabında paylaşım edərək Trampın təhdidlərini qiymətləndirib.

Vilayəti bildirib:

“Dirəniş Cəbhəsinin komanda mərkəzi Bəbu’l-Məndəbi də Hörmüz boğazı kimi görür. Əgər Ağ Ev ağılsız səhvlərini təkrarlamağı planlaşdırırsa, enerji axınının və qlobal ticarətin tək bir hərəkətlə dayandırıla biləcəyini tezliklə anlayacaq.”

Hörmüz boğazının açılması üçün şərt

İran, Hörmüz boğazının yenidən açılması üçün müharibə təzminatı tələb edib.

İran Prezident Administrasiyasının Kommunikasiya Departamenti sədr müavini Mehdi Təbətəbai bildirib ki:

“Hörmüz boğazı, İrana qarşı hücumların yaratdığı zərər yeni keçid statusu ilə əldə ediləcək gəlirin bir hissəsi ilə kompensasiya edildikdən sonra mütləq bir gün açılacaq.”

O, həmçinin Trampın “İranı daş dövrünə qaytaracağıq” təhdidlərinə toxunaraq, bu açıqlamaları “qəzəb və acizlik nəticəsində deyilən sözlər” kimi qiymətləndirib.

“Daş dövrü” açıqlamasına cavab

İran Prezidentinin birinci müavini Məhəmməd Rza Arif Trampın təhdidlərinə belə cavab verib:

“Başqalarını təhdid etmək bəhanəsi ilə öz xalqının rifahını qurban verən hər kəs hələ də ‘daş dövründə’ yaşayır deməkdir.”

Arif əlavə edib ki, Tramp ABŞ xalqına sosial xidmətlər göstərə bilməməsini müharibə ilə əsaslandırmağa çalışır və İranı elektrik stansiyaları və körpüləri hədəf almaqla təhdid edir.

O vurğulayıb:

“İran isə fərqli yol seçib – təzyiqlər altında belə qurmağa davam edir.”

“Bölgə yanacaq” xəbərdarlığı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Trampın siyasətini sərt tənqid edib:

“Sizin düşüncəsiz addımlarınız ABŞ-ni hər ailə üçün cəhənnəmə çevirir və Netanyahunun əmrlərinə tabe olmaqda israrınız bütün bölgəni oda atacaq.”

Qalibaf əlavə edib:

“Yeganə real həll yolu İran xalqının hüquqlarına hörmət etmək və bu təhlükəli oyuna son qoymaqdır. Səhv etmə! Müharibə cinayətləri ilə heç nə əldə edə bilməzsən.”