Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib ki, ölkə karbohidrogenlərin beynəlxalq bazarlara çatdırılması üçün Xəzər dənizinin nəqliyyat potensialından daha səmərəli istifadə məqsədilə ABŞ investorları ilə əməkdaşlığa hazırdır.
“Zafertv.az”ın “Report”a istinadən məlumatına görə, bu bəyanat Hyustonda keçirilən CERAWeek çərçivəsində ABŞ-ın energetika naziri Kris Rayt ilə ikitərəfli görüş zamanı səsləndirilib.
Tərəflər qlobal enerji təhlükəsizliyi, alternativ ixrac marşrutlarının inkişafı və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Eyni zamanda, neft-qaz sektorunda 32 illik strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ-ın Qazaxıstanın enerji sənayesinə ümumi investisiyalarının həcmi 60 milyard dolları ötüb.
Əsas iri layihələr – Tengiz, Karaçaqanak və Kaşaqan yataqlarında əsas tərəfdaşlar sırasında ExxonMobil və Chevron şirkətləri yer alır. Bu yataqlar ölkənin ümumi neft hasilatının təxminən 70%-ni təmin edir.
Görüşdə logistika məsələlərinə və enerji təchizatının fasiləsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilib. Qlobal neft təchizatının təxminən 2%-ni təmin edən əsas ixrac marşrutu kimi Xəzər Boru Kəməri Konsorsiumunun rolu vurğulanıb və onun sanksiyalara məruz qalmaması mühüm amil kimi qeyd edilib.
Bundan əlavə, Bakı–Tbilisi–Ceyhan boru kəməri sistemindən istifadə də daxil olmaqla, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub. Bu marşrut üzrə daşımaların illik həcminin 2,1 milyon tona çatdırılması gözlənilir.
Akkenjenov Qazaxıstanın enerji sektorunda sabit şəraitin təmin edilməsinə və texnoloji əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliyini bir daha təsdiqləyib.