Oktyabrın 15-də İranın paytaxtı Tehran şəhərində, Əlburz dağlarının ətəyində yerləşən Evin həbsxanasında yanğın baş verib. Məlumata görə, yanğın həbsxanada çıxan davadan sonra məhbuslar tərəfindən törədilib.
Modern.az xəbər verir ki, rəsmi məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub. Ölənlərin tüstüdən zəhərləndiyi bildirilir. Yanğın həbsxanada quldurluq cinayətinə görə həbs olunan məhbusların saxlanıldığı hissədə baş verib. Dünya mətbuatının diqqətini çəkən hadisənin təfərrüatı barədə hər hansı açıqlama verilməyib. Bəzi KİV-lər insidenti məhbusların qiyamı kimi təqdim ediblər.
Məlumat üçün bildirək ki, İranın Tehran şəhərinin Evin məhəlləsində yerləşən həbsxana 1972-ci ildə Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə tikilib. Həbsxana 1979-cu ildə baş verən İslam İnqilabından əvvəl və sonra siyasi məhbusların saxlanıldığı əsas yer olub.