Kiyev Qərbdən daha ağır silahlar istəyib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bir daha Qərb ölkələrini Kiyevi daha ağır silahlarla təchiz etməyə çağırıb.

Nazir bu barədə Avropanın “Politico” nəşrinə bildirib.
“Biz hadisələrin gedişatını dəyişirik və sürət yaratmaq, daha çox insanı xilas etmək və Ukraynanın daha çox ərazisini tez bir zamanda azad etmək üçün müttəfiqlərimizdən daha çox ağır silah və sursata ehtiyacımız var. İndi nə qədər çox hərbi yardım alsaq, bu müharibə bir o qədər tez bitəcək” deyib.
Onun şərhi çərşənbə axşamı nəşrin saytında dərc olunub.

Qəzetin fikrincə, Ukrayna qoşunlarının “hücum”u heç də “müharibənin gedişində daimi dəyişikliyə” işarə etmir. Bu arada bir çox Avropa ölkələri tədarük üçün mövcud olan silah və texnika çatışmazlığı ilə üzləşir. Xüsusilə Fransa və Almaniya Kiyevə öz “ianələrini” əhəmiyyətli dərəcədə artırmaq istəmirlər.