Azərbaycanın 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qazandığı qələbə Minsk qrupunu tarixin arxivinə göndərdi.
Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Partiya sədri qeyd edib ki, Bakının qələbəsindən, ölkəmizin regionda və hətta dünyada güclənməsindən, inkişaf etməsindən təşvişə düşən, narahat olan bəzi ölkələr, o cümlədən qonşularımız qarşımızı kəsmək üçün bütün variantlara əl atıblar: “Okeanın o tayında Minsk qrupunu dirçəltmək, bu tayında Zəngəzur dəhlizinin reallaşmasını əngəlləməyə çalışırlar. Heç bir plan baş tutmayacaq. Minsk qrupunun mövcudluğu onların marağındadır, güclü Azərbaycan üçün artıq o qrup yoxdur. Yarandığı gündən Minsk qrupu münaqişənin həllinə heç bir töhfə verməyib, əksinə işğalçı Ermənistanın və onun havadarlarının maraqlarına xidmət edib”.
ALDP sədri onu da vurğulayıb ki, Azərbaycan 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnaməni öz gücü ilə reallaşdırdı: “Azərbaycanın səbri tükəndi və dünyaya nəyə qadir olduğunu göstərdi. Bundan sonra nə Ermənistan, nə də onu dəstəkləyən ölkələr bizim qarşımıza kəsə bilərlər”.