Azərbaycanlı dünya çempionu: “Ermənistan idmançısı ilə görüşüm çətin keçdi”

“Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 dünya çempionatının qalibi olmuş Nihad Quluzadə deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı gənclərdəki son ilini uğurla başa vurduğunu bildirib: ““Bu il Avropa və dünya çempionu oldum. Bir illik əziyyətimiz boşa getmədi. Məşqçilərimizə, diqqət və qayğısını bizdən əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Dünya çempionu olduğum üçün çox sevinirəm. Yunanıstan və Yaponiya güləşçilərinə tam üstünlüklə qalib gəldim. Ermənistan idmançısıyla yarımfinal görüşü çətin keçdi. Ona da qalib gəldim. Finalda AÇ-də məğlub etdiyim Rumıniya güləşçisiylə qarşılaşdım və yenə ona qalib gələrək dünya çempionu oldum”.

67 kq-da dünya çempionu olan Kənan Abdullazadə 5 görüş keçirdiyini qeyd edib: “Bir neçə qarşılaşmada hesabda geridə olsam da, qələbə qazana bildim. Ən gərgin görüş Türkiyə güləşçisinə qarşı baş tutdu. Finalda Gürcüstan idmançısıyla qarşılaşdım. Avropa çempionatında ona məğlub olmuşdum. Bu dəfə revanş aldım. Güclü təlim-məşq toplanışı keçmişdik. Üzərimdə əziyyəti olan məşqçilərimizə təşəkkür edirəm”.

72 kq-da mübarizə apararaq qızıl medal qazanmış Qurban Qurbanov 5 il bundan əvvəl yeniyetmələr arasında dünya çempionu olduğunu xatırladıb: “Ondan sonra müxtəlif əyarlı medallar qazanmışdım. Ancaq gənclərdə dünya çempionu ola bilməmişdim. Əziyyətimiz yerdə qalmadı. Əlbəttə, bu nəticəni U-23 dünya çempionatında da təkrarlamaq olar. Ancaq heyəti məşqçilər müəyyənləşdirəcək. Çalışacağıq ki, həmin heyətdə yer alıb, ölkəmizi layiqincə təmsil edək”.