Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün də yaxşı perspektivlər vəd edir

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana, xüsusən də Şuşaya səfəri həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli mesajlar daşıyır. Əvvəlcə ondan başlayaq ki, Prezident İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqrinini nə üçün məhz Şuşada qəbul etdi? Əliyevin Pelleqrinini Şuşada qəbul etməsi ilk növbədə iki mühüm mesajı ehtiva edir – birincisi, siyasi tanınma, ikincisi isə gələcəyə baxış müstəvisindən. Şuşa sadəcə mədəniyyət paytaxtımız deyil, həm də Azərbaycanın suverenliyinin və qələbəsinin simvoludur. Slovakiya kimi bir NATO ölkəsinin rəhbərinin Şuşaya səfəri, Azərbaycanın bu ərazilər üzərindəki tam nəzarətinin və burada apardığı bərpa proseslərinin beynəlxalq səviyyədə legitimliyinin tanınması deməkdir. Gələcəyə baxış dedikdə isə Şuşanın yalnız tarixi bir şəhər yox, Azərbaycanın “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarının mərkəzi olduğu nəzərdə tutulur. Avropadan gələn ali qonağın Şuşada qəbul edilməsi rəsmi Bakının Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımıza “bura gələcəyin əməkdaşlıq meydanıdır” mesajını çatdırır.
Pelleqrininin səfəri, Azərbaycanın Avropa İttifaqı ilə dialoq və əməkdaşlığını təkcə ənənəvi tərəfdaşlarla deyil, həm də Mərkəzi Avropa dövlətləri ilə daha dərindən və şaxələndirilmiş şəkildə qurduğunu nümayiş etdirir. Bu, ölkəmizin beynəlxalq müstəvidə artan “orta güc” statusunun və diplomatik çevikliyinin göstəricisidir. Bu gün Slovakiya ilə Azərbaycan arasında əməkdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır. İki ölkə enerji, nəqliyyat, müdafiə sənayesi, iqtisadiyyat və humanitar sahələrdə bir sıra konkret layihələr həyata keçirir. Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında son illərdə intensivləşən siyasi dialoqun və iqtisadi əməkdaşlığın məntiqi davamıdır. Bu səfərin məhz indi baş tutması, Avropanın enerji təhlükəsizliyi və Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda təsadüfi deyil.
Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfərinin niyə məhz indi baş tutması, Slovakiyanın nəyə görə Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərməsi və eyni zamanda, Azərbaycan üçün Slovakiya ilə əlaqələrin hansı perspektivləri vəd etməsi xüsusi aktuallıq kəsb edir. Bəs, bu səfəri özəl edən nədir? Pelleqrininin öncə Şuşaya, daha sonra isə Xankəndi və Bakıya səfərini özəl edən əsas amil Avropa İttifaqı (Aİ) daxilində Azərbaycanla enerji əməkdaşlığına strateji yanaşan ölkələrin dairəsinin genişlənməsidir. Slovakiya öz enerji balansını şaxələndirməyə çalışır və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Slovakiya enerji təminatı baxımından sırf xarici mənbələrdən asılı olan bir ölkə kimi, Orta Dəhlizin və Azərbaycanın əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün də yaxşı perspektivlər vəd edir. Bu baxımdan, Slovakiyanın əməkdaşlığa göstərdiyi maraq strateji tərəfdaşlığın perspektivlərini daha da genişləndirir.
Az öncə də qeyd etdiyimiz kimi Slovakiya üçün Azərbaycanla əlaqələr ilk növbədə enerji təhlükəsizliyi baxımından olduqca önəmlidir. Slovakiya Rusiya qazından asılılığını azaltmaq üçün alternativ marşrutlar axtarır. “Şimal-Cənub” qaz dəhlizi və Azərbaycan qazının Avropaya çatdırılması Slovakiya üçün kritik əhəmiyyət daşıyır. Bununla yanaşı, Slovakiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki bərpa-quruculuq işlərində (xüsusən “yaşıl enerji”, infrastruktur və şəhərsalma) iştirak etməkdə maraqlıdırlar. Azərbaycan-Slovakiya əlaqələri NATO standartlarını daha yaxşı öyrənmək və alyans ölkələri ilə həm ittifaq çərçivəsində, həm də ikitərəfli münasibətləri daha da inkişaf etdirmək baxımından da faydalı ola bilər. Eyni zamanda, Slovakiyanın Avropa İttifaqı (Aİ) daxilində praqmatik siyasət yürüdən ölkə kimi, Azərbaycanın regionda yaratdığı sülh və inkişaf modelini sıx dəstəkləməsi də olduqca mühüm məqamdır. Slovakiya Azərbaycan-Avropa münasibətlərinin daha da yaxşılaşmasında mühüm rol oynaya bilər.
Azərbaycan üçün Slovakiya ilə əlaqələrin inkişaf etdirilməsi isə ilk növbədə “Orta güc” strategiyasının bir hissəsidir. Eləcə də Bakının
praqmatik siyasət yürüdərək, Slovakiya kimi Aİ üzvü olan ölkələrlə ikitərəfli strateji əlaqələri inkişaf etdirməsi həm Azərbaycanın Brüssellə olan münasibətlərinə müsbət təsir göstərir, həm də iqtisadi baxımdan Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün əlavə imkanlar yaradır. Burada texnologiya və ixrac faktoru da çox önəmlidir. Nəzərə almalıyıq ki, Slovakiya sənaye, avtomobil istehsalı və yüksək texnologiyalar sahəsində geniş təcrübəyə malikdir. Ən önəmli məqamlardan biri də budur ki, biz bu gün Qarabağın bərpasında Slovakiya şirkətlərinin də iştirakını müşahidə edirik. Belə ki, Ağdamın Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Orada “Ağıllı kənd” layihəsi icra edilir. Azərbaycan və Slovakiya prezidentlərinin Ağdamın Baş Qərvənd kəndində məktəbin təməlini qoyması da bunun əyani təsdiqidir. Kənddə inşa olunacaq məktəb Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Bütün bunların fonunda, cənab Peter Pelleqrininin ölkəmizə səfəri Slovakiya üçün Cənubi Qafqazda öz iştirakını gücləndirməyə, Azərbaycan üçün isə Mərkəzi Avropada daha bir etibarlı müttəfiqin qazanılmasına xidmət edir. Prezident İlham Əliyevin slovakiyalı həmkarı Peter Pelleqrini ilə Şuşada mətbuata bəyanatla çıxışı zamanı vurğuladığı kimi bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər də bunu əyani şəkildə göstərir. Əminik ki, bundan sonra da iki ölkə arasında bu münasibətlər uğurla inkişaf edəcək. Çünki ortada qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan əməkdaşlıq təcrübəsi var. Bu amillər Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısının sözüylə desək, hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və son illər ərzində çox güclü tərəfdaşlıq yaradılıb. Çünki biz konkret işlərin tərəfdarıyıq.

Əlisahib Hüseynov

Azərbaycan Həmrəylik Komitəsinin sədri