Ermənilərin sosial platformalardakı rəyləri Əkrəm Əylislinin kimin maraqlarına xidmət etdiyini açıq şəkildə göstərir

Əkrəm Əylislinin beynəlxalq mükafat almasına cəmiyyətin susqun reaksiyasının gerçək səbəbi nədir: iqtidarın qəzəbinə tuş gəlməsi, yoxsa ermənipərəst əsər yazması?
Bizim bəzi “liberal”, “demokrat” qılaflı ziyalılarımız və xüsusən də Avropa ölkələrində oturum izni alan “həqiqət carçıları”mız özlərini sanki bilərəkdən korluğa vuraraq, üzüqara yazıçımız Əkrəm Əylislinin bugünlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) ədəbi mükafatını almasına ictimaiyyətin passiv reaksiyasının və susqunluğunun başlıca səbəbi kimi guya onun iqtidarın qəzəbinə tuş gəlməsini göstərirlər. Lakin bu yanaşma kökündən yanlışdır. Susqunluğun real səbəbinin bu tərzdə izah edilməsi ən yumşaq ifadə ilə desək, riyakarlıq və korazehinlikdir. Çünki bu ölkədə uşaqdan böyüyə hər kəs çox dəqiq və aydın bilir ki, əsas səbəb bu deyil.

Axı bu bir danılmaz faktdır ki, hazırkı iqtidarla yaxından-uzaqdan heç bir əlaqəsi olmayan yüzlərlə, minlərlə, onminlərlə, yüzminlərlə sıravi vətəndaşlarımız da Əkrəmə dərin nifrət hissi bəsləyir. Nəyə görə? Məhz bədnam “Daş yuxular” əsərinə görə. Bəli, xalqımızın Əkrəmin bu son “nailiyyətinin əhəmiyyətini layiqincə qiymətləndirməməsi”nin, cəmiyyətin onun “uğur”nu susqunluqla qarşılamasının əsas səbəbini başqa yerdə yox, məhz “Daş yuxular”da axtarmaq lazımdır.

Çox təəssüf ki, Rusiyada və Qərb ölkələrində yaşayan revanşist-millətçi ermənilər bu məsələdə bizim liberallarımızdan daha obyektiv və səmimidirlər. Çünki həmin ermənilər bizim liberallardan fərqli olaraq Əkrəm Əylislinin erməni maraqlarına xidmət etməsini açıq şəkildə vurğulayır, onu “qəhrəman” kimi təqdim edir və hətta kripto-erməni olduğunu da deyirlər. Silva Portoyan (Sylva Portoian) adlı bir erməni ictimai fəal isə hətta biraz da ifrata vararaq Ə.Əylislini “vicdanlı yazıçı” kimi təqdim edir və deyir ki, “ermənilər ona mükafat verməlidirlər”.

Daha konkret desək, ermənilərin sosial platformalardakı rəyləri Əkrəm Əylislinin kimin maraqlarına xidmət etdiyini açıq şəkildə göstərir. Bu baxımdan, “Daş yuxular” romanının müəllifinin beynəlxalq ədəbi mükafat almasına yerli ictimaiyyətimiz tərəfindən susqun reaksiya nümayiş etdirilməsi tamamilə təbiidir. Əkrəm, xalq tərəfindən iqnor olunmağı haqq edib. Çünki o, daşnakların maraqlarına xidmət edən “Daş yuxular” cızmaqarası ilə xalqımıza və tarixi həqiqətlərə qarşı ədalətsizlik edib. Odur ki, bugün Əkrəmin iqnor edilməsinin təməl səbəbini başqa yerdə axtarmaq lazım deyil.

Əlisahib Hüseynov,

Azərbaycan Hərməylik Komitəsinin sədri