İyulun 3-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında görüş keçirilib.
Zafertv.az “Musavat.com”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Demokrat Partiyasının Mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, görüş zamanı Azərbaycan Demokrat Partiyasının fəaliyyəti, “Böyük qayıdış” Dövlət proqramı çərçivəsində reallaşdırılan mühüm infrastruktur layihələr, təşviq olunan siyasi dialoq mühiti sayəsində ötən müddət ərzində həyata keçirilmiş tədbirlər, siyasi partiyaların demokratik institut kimi inkişafı üçün yaradılmış münbit şərait, habelə dünyada və regionda müşahidə olunan proseslər fonunda Azərbaycanın artan beynəlxalq statusu, dövlətin mühüm beynəlxalq təşəbbüsləri kimi vacib məsələlər müzakirə olunub.
Qeyd olunub ki, dövlətin siyasi partiyalarla əlaqədar institusional və normativ təşəbbüsləri nəticəsində siyasi proseslərin iştirakçıları arasında sağlam və etibarlı münasibətlər formalaşıb. Siyasi partiyaların sədrləri mövcud istiqamətdə aparılan islahatlar sayəsində bu gün artıq milli birlik və həmrəyliyin təmin olunması prosesinin aktiv iştirakçısına çevrilib. Partiyalar cəmiyyətin mütərəqqi fikirli vətəndaşlarını öz ətrafında toplayır və bununla da dövlətin intellektual potensialını artırmış olur.
Tərəflər bilavasitə milli maraqlardan irəli gələn mühüm məsələlər ilə əlaqədar verilən birgə bəyanatların, işğaldan azad olunmuş ərazilərə siyasi partiyaların birgə səfərlərinin, davamlı olaraq keçirilən çoxsaylı görüşlərin, dəyirmi masa və açıq müzakirələrin, həmçinin bu kimi digər təşəbbüslərin Azərbaycanda dayanıqlı demokratik ənənələrin formalaşması prosesində müstəsna əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, dövlətin müxtəlif təşəbbüsləri ilə təşviq olunan siyasi dialoq mühiti cəmiyyətin monolit qüvvə kimi inkişafını təmin edir. Eyni zamanda fikir mübadiləsi çərçivəsində məkrli qüvvələrin manipulyasiyaları da geniş müzakirə olunub, informasiya sahəsində olan bu tip hallara qarşı mübarizədə siyasi partiyaların daha aktiv mövqe nümayiş etdirməli olduğu bildirilib.
Görüşdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dövlətin mövcud istiqamətdəki təşəbbüslərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, sağlam münasibətlərin qorunması və inkişafı naminə görülən işlər gələcəkdə də inkişaf etdirilməlidir.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda dövlət və cəmiyyətin inkişafına xidmət edən bütün təşəbbüslərdə Azərbaycan Demokrat Partiyasına uğurlar arzulayıb.