Milli qürur yerimiz və dövlətçiliyimizin sarsılmaz qalxanı olan Azərbaycan Silahlı Qüvvələri Günü bu il növbəti dəfə özünün Zəfər ruhlu məzmunu ilə daha yüksək coşqu ilə qarşılanır
Şanlı Zəfər Ordusunun yaranış günü 🇦🇿
26 iyun tarixi müasir Azərbaycan dövlətçilik təqvimində müstəsna yer tutur. Bu gün biz təkcə nizami ordumuzun yaranmasını deyil, həm də dövlət suverenliyinin, xalqın təhlükəsizliyinin və milli qürurumuzun əsas təminatçısı olan Silahlı Qüvvələrin peşəkarlıq və rəşadət bayramını qeyd edirik. Milli qürur yerimiz və dövlətçiliyimizin sarsılmaz qalxanı olan Azərbaycan Silahlı Qüvvələri Günü bu il növbəti dəfə özünün Zəfər ruhlu məzmunu ilə daha yüksək coşqu ilə qarşılanır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusunun yaradılması müstəqil dövlətçiliyimizin təməl daşlarından biri idi. Lakin bu ordunun formalaşması və inkişafı yolu heç də hamar olmayıb. Yaradıldığı ilk günlərdən Milli Ordumuz həm erməni daşnaklarına, həm də digər yad qüvvələrə qarşı ağır şəraitdə mübarizə aparmalı olub. 1920-ci il aprelin 27-də işğalçı bolşevik Rusiyasının 11-ci Qırmızı Ordusunun müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Milli Ordumuz məcburən buraxılıb.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə, Əlahiddə Azərbaycan Korpusunun yarandığı tarix – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Artıq uzun illərdir ki, hər il 26 İyun Azərbaycanda böyük qürur və iftixar hissi ilə ordu günü kimi qeyd olunur. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, həm də milli ordu quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun vahid komandanlıq əsasında formalaşdırılmasını və nizami hərbi hissələrin yaradılmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu, ordumuzun döyüş qabiliyyəti artırıldı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi, dünyanın ən hazırlıqlı və müasir orduları sırasında öz layiqli yerini tutdu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun nəinki regional, həm də qlobal miqyasda gücünü, taktiki üstünlüyünü və yüksək mənəvi-psixoloji hazırlığını nümayiş etdirdi. Şanlı Zəfərimiz ordumuzun, dövlətimizin və xalqımızın Dəmir Yumruq kimi birləşərək tarixi ədaləti bərpa etməsinin ən parlaq nümunəsidir. 44 günlük Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı bütün dünyaya əyani nümayiş etdirildi. Şuşa və Xankəndidə ucaldılan üçrəngli bayrağımız Zəfərimizin carçısına çevrildi.
Zəfərimizin əsas sirri Ordumuzun mənəvi ruhunda gizlidir. Şəhidlərimizin qanı və qazilərimizin rəşadəti hesabına əldə olunan bu Zəfər, yeni nəsil hərbçilər üçün bir şərəf dərsi, vətənpərvərlik məktəbidir. Vətən naminə göstərilən mərdlik və fədakarlıq xalqımızın milli ruhunu daha da yüksəldir. Qələbə ruhu və milli birlik Azərbaycanın gələcəyinə işıq salır. Suverenliyimizin və ərazi bütövlüyümüzün keşikçisi olan Şanlı Ordumuzun yolu və tarixçəsi zəfərlərlə, fədakarlıqla və xalq sevgisi ilə yazılıb. Azərbaycan Ordusu artıq sadəcə öz sərhədlərini qoruyan lokal bir hərbi qüvvə deyil, həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin əsas qarantıdır. Azərbaycan dövləti regionun təhlükəsizlik memarı, Azərbaycan Ordusu isə bu regionun təhlükəsizliyinin bir nömrəli təminatçısıdır. Ona görə də Silahlı Qüvvələrimizin yaranmasının 108-ci ildönümündə biz bir daha əminliklə deyə bilərik ki, Şanlı Zəfər Ordusu dövlətçiliyimizin sarsılmaz qalxanı, müstəqilliyimizin ən böyük təminatçısı və milli qürurumuzun zirvəsidir.
Qarşıda duran strateji hədəflər — ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və regionda sülhün qorunması — məhz bu qüdrətli ordunun çiynindədir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin sərhəd-keçid məntəqələrinin və mühüm infrastrukturun mühafizəsi ordumuzun strateji çevikliyini nümayiş etdirir. Biz öz qüdrətli Ordumuza güvənirik və əminik ki, qalib Azərbaycan Ordusu bundan sonra da hər zaman dövlətimizin suverenliyinin, xalqımızın təhlükəsizliyinin və ölkəmizin müstəqilliyimizin sarsılmaz dayağı olaraq qalacaq. Bu baxımdan, 26 iyun sıradan bir təqvim günü deyil, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi xalqımızın öz ordusuna etimadının, ona bəslədiyi sevginin ən yüksək təzahürüdür. Bu gün Azərbaycan əsgəri dünyanın ən qürurlu əsgəridir, çünki o, qalib ölkənin hərbçisidir.
Milli Ordumuzun 108-ci ildönümü münasibətilə bütün hərbçilərimizə sonsuz ehtiramımızı bildirir, bu əlamətdar gündə Vətənimizin müdafiəsində xidmət edən bütün əsgər və zabitlərimizi təbrik edirik. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və suverenliyimizin tam bərpa edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igid hərbçilərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq. Onların qəhrəmanlıqları gələcək nəsillərimiz üçün həmişə parlaq örnək olacaq. Ordu xalqdan güc alır, xalqın gücünə çevrilir. Ona görə də bu gün bütün xalqımız üçün qürur, birlik və vətən sevgisi günüdür.
Yaşasın Müzəffər Azərbaycan Ordusu! Qalib Azərbaycanın Silahlı Qüvvələr Günü mübarək olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri