Paşinyan nəyə can atır atsın, Azərbaycan özünün haqlı və prinsipial tələblərindən heç bir halda geri çəkilməyəcək

Nikol Paşinyanın başı bu saat seçkinin nəticələrinin doğurduğu çətinliklərin necə aşılmasına və müxalif deputatların bəzilərinin iqtidar düşərgəsinə cəlb olunmasının yolları barədə düşünməyə qarışdığı (yəni ki, sırf daxili siyasi gündəmə fokuslandığı) bir vaxtda, bizim keçmiş REAL-çı İlqar Məmmədov kimi bəzi siyasi “münəccim”lərimiz isə az qala Paşinyanın sözçüsü qismində çıxış edərək Facebookda bəyan edirlər ki, rəsmi Bakının Ermənistanın konstitusiyasındakı məlum preambulanın ləğvi ilə bağlı tələbinin sülh sazişinin imzalanması üçün qəti şərt kimi qoyulması yanlış diplomatiyadır və indi Paşinyan son seçkidə qazandığı siyasi mandatın nəticələrinə istinadla danışıqlarda öz mövqeyini gücləndirməyə çalışacaq, sülh prosesini yubatmaq üçün manevrlər edəcək. Köhnə REAL-çının məntiqindən belə çıxır ki, Azərbaycan əvvəldən o preambula məsələsini həlledici şərt kimi qoymamalı və sülh müqaviləsini tələm-tələsik imzalamalıydı.

Bu cür ifrat minimalist, praqmatik, güzəştçi və təslimçi yanaşma bu qəbildən olan fikir sahiblərinin necə səthi düşündüklərini bir daha əyani təsdiqləyir. Bu yanaşmada həm də hüquqi savadsızlıq açıq müşahidə olunur. Əvvəla, Ermənistan qanunvericiliyinə görə, heç bir beynəlxalq saziş və ya xarici anlaşma ölkə konstitusiyasından üstün və keçərli deyil. Bu isə avtomatik olaraq hazırkı Ermənistan konstitusiyası ilə uzlaşmayan istənilən xarici anlaşmanı (o cümlədən Ermənistan-Azərbaycan yekun sülh sazişini) dərhal təkzib edir, bloklayır. İkincisi, baş qanununda – Konstitusiyasında digər ölkələrə (indiki halda isə Azərbaycan və Türkiyəyə) qarşı ərazi iddiaları ilə bağlı preambulanın təsbit olunduğu bir ölkənin baş nazirinin imzaladığı sülh sazişi istər həmin baş nazirin özünün, istərsə də onun xələflərinin – gələcək baş nazirlərin nəzərində adi kağız parçasından başqa bir şey olmayacaq. Yəni istər Paşinyanın özü, istərsə də Ermənistanın gələcək baş nazirlərindən hər hansı biri daxili siyasi amillərdən (tutaq ki, erməni ictimai rəyindən) bəhanə kimi istifadə edərək, “Azərbaycanla imzalanmış sülh sazişi Ermənistan konstitusiyasına ziddir” deyib istənilən an həmin sazişi qüvvədən düşmüş elan edə bilər.

Ona görə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması tələbimiz tamamilə düzgün və rasional tələbdir. Prezident İlham Əliyevin sülh müqaviləsinin imzalanması üçün ön şərtlə çıxış etməsi uzaqgörən addımdır. Bu tələb yerinə yetirilmədən sülh müqaviləsinin imzalanması mümkün deyil. Ermənistan hakimiyyətinin konstitusiyanın dəyişdirilməsi ilə bağlı tələbimizdən yayınmaq cəhdləri də heç bir nəticə verməyəcək. Çünki rəsmi Bakı həm qalib tərəf kimi, həm də qalib olduğu halda ilk olaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf kimi bu mövqeyini, bu tələbini dəfələrlə bəyan edib və beynəlxalq ictimaiyyət də bu tələbə anlayışla yanaşır. Çünki beynəlxalq hüquq da, dünya hərb praktikası da bu məsələdə Azərbaycanın tələbinin tamamilə haqlı olduğunu təsdiqləyir.

Birdəki, İlqar Məmmədov unudur ki, Ermənistan tərəfi kapitulyant, məğlub tərəfdir. Dünya hərb praktikasında isə adətən kapitulyasiyaya məruz qalmış işğalçı ölkələrin qarşısında maksimal dərəcədə ağır sülh şərtləri qoyulur ki, həmin ölkələr gələcəkdə yenidən revanşizmə meyl göstərməsinlər, qonşu ölkələrə qarşı hər hansı ərazi iddiaları ilə çıxış edə bilməsinlər. Bu mənada, Paşinyanın sabah seçkinin nəticələri ilə manipulyasiya etməyə, sülh danışıqlarında əlini gücləndirməyə çalışmağa cəhd göstərməsi boş şeydir. Paşinyan nəyə can atır atsın, Azərbaycan özünün haqlı və prinsipial tələblərindən heç bir halda geri çəkilməyəcək.

Biz artıq tarixin acı olaylarından kifayət qədər dərs çıxarmış və bir daha heç vaxt erməni hiylələrinə, Dəmir Yumruğumuzun nəticəsində nisbətən ağıllanmış Paşinyan kimi məcburi “sülh göyərçinləri”nin xoş vədlərinə aldanmayacaq qədər yetərli təcrübə toplamış realist bir millətik. Məlum ön şərtimiz yerinə yetirilmədən İlham Əliyevin sülh sazişinə imza atmayacağı da hər kəsə bəllidir. Yəni ki, Azərbaycan öz sözünü deyib, indi top ermənilərin tərəfindədir. İstəyirlər bizim şərtlərimizlə sülhə razılaşsınlar, istəmirlərsə də yanlış qərarlarından küssünlər. İlqar Məmmədova isə tövsiyəmiz budur ki, Paşinyanı çox da bütləşdirməsin.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri