Sülh prosesinin getdikcə dönməz xarakter alması Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması və potensial ticarət imkanlarından səmərəli istifadə üçün əlverişli zəmin yaradır. Bu, ilk növbədə enerji-yanacaq sektoruna aiddir. Ötən ilin dekabr ayında Ermənistana ilk dəfə Azərbaycan benzini göndərilib, Gürcüstan vasitəsilə Bakıdan İrəvana 1200 ton neft məhsulları daşınıb. Dünən isə Azərbaycanın Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcəyi açıqlanıb. Ermənistan İqtisadiyyat Nazirliyi də Azərbaycandan bu ölkəyə neft məhsullarının növbəti partiyasının göndəriləcəyi ilə bağlı məlumatı təsdiqləyib.
Belə ki, bu dəfə Azərbaycandan Ermənistana 1000 ton A92 markalı benzinin, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 benzininin daşınması planlaşdırılır. Ermənistanın iki şirkəti hər iki ölkə arasındakı ticarət-kommersiya razılaşmalarına əsasən Azərbaycanın neft-benzin məhsullarının idxalını həyata keçirir. Beləliklə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması və 2025-ci ilin avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar sülh prosesinin faydalarını ortaya qoyur. Ermənistan rəhbərliyi də, sıravi ermənilər də Azərbaycanla sülhün faydalılığını real şəkildə hiss etməyə başlayırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh və davamlı qarşıdurma arasında seçimin pozitiv tərəflərini düzgün dəyərləndirərək indi Ermənistan və Azərbaycan arasında ticarət əlaqələrini genişləndirməyə səy göstərir. Belə ki, N.Paşinyan bu gün hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, hazırda Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcəkləri potensial mal siyahılarını mübadilə edir. Onun sözlərinə görə, Ermənistan hökumətinin erməni iş adamlarına ilk növbədə Azərbaycan benzinini təklif etməsi digər məhsulların alqı-satqısı üçün də yol açacaq və bir neçə göndərişdən sonra bazarın və imkanların hər kəs üçün açıq olduğu aydın olacaq. Və istəyən hər kəs Azərbaycan benzinindən, digər mal və məhsullardan yararlana biləcək.
Sülh prosesi irəlilədikcə Ermənistanın tədricən iqtisadi blokadadan çıxması hər bir erməninin Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibətin son 35 ildə Ermənistanın özünə nə qədər ağır zərbə vurduğunu daha aydın şəkildə dərk etməsinə imkan verəcək. Bəli, bu həqiqəti hər bir erməni dərk etməlidir. Həqiqətin dərk olunması Ermənistan cəmiyyətində revanşizmin zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan Azərbaycanın uğurlu hərb və sülh siyasəti nəticə etibarilə irqçilik və revanşizmdən əziyyət çəkən erməni toplumunun düzgün, rasional mövqeyə yönəlməsində həlledici rol oynayır. İndi Ermənistan üçün sülh prosesi iqtisadi qurtuluş vasitəsinə çevrilir. Başqa sözlə desək, sülh prosesi erməni cəmiyyətini islah edir, ağıllandırır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri