Trampdan “Maduro” əməliyyatı ilə bağlı ŞOK AÇIQLAMALAR – Onlara XƏBƏRDARLIQ ETDİ

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələndiyi bildirilən xüsusi əməliyyatın gedişi barədə geniş açıqlama verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, əməliyyatda iştirak edən komanda misilsiz hazırlıq və peşəkarlıq nümayiş etdirib və bu miqyasda manevri dünyada heç bir başqa ölkə həyata keçirə bilməzdi.

ABŞ prezidenti bildirib ki, əməliyyat öncəsi xüsusi təyinatlı qüvvələr uzun müddət məşq edib və bütün ssenarilər dəqiqliklə işlənib:

“Komanda inanılmaz iş gördü. Onlar elə məşq edib hazırlaşmışdılar ki, bunu indiyədək heç kim görməyib. Mənə dedilər ki, Yer üzündə başqa heç bir ölkə bu cür manevri həyata keçirə bilməz”.

Tramp qeyd edib ki, əməliyyatın gedişini birbaşa izləyib və baş verənlər sanki canlı televiziya şousunu xatırladıb:

“Əgər sürəti görsəydiniz… onların “sürət və güc” adlandırdığı anlayış tam olaraq bu idi. Həqiqətən heyrətamiz iş görüldü”.

Onun sözlərinə görə, əməliyyat son dərəcə mürəkkəb olub, çoxsaylı təyyarə, müxtəlif tipli helikopterlər və qırıcılar cəlb edilib. Xüsusi təyinatlılar demək olar ki, keçilməsi mümkünsüz sayılan obyektlərə daxil olublar:

“Məhz bunun üçün quraşdırılmış polad qapılar saniyələr içində açıldı. Maduronu və onun həyat yoldaşı Siliya Floresi birbaşa yataq otağında ələ keçirdilər. Mən indiyə qədər belə bir əməliyyat görməmişdim”.

Tramp vurğulayıb ki, ABŞ ordusu bir neçə gün ərzində ideal hava şəraitini gözləyərək tam döyüş hazırlığı vəziyyətində saxlanılıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Venesuelanın gələcəyi ilə bağlı proseslərdə fəal iştirak edəcək. Onun sözlərinə görə, zərurət yaranarsa, Venesuelaya qarşı “ikinci dalğa” zərbələri də istisna edilmir.

Tramp Maduronun tərəfdarlarına da sərt xəbərdarlıq edib:

“Əgər onlar ona sadiq qalmaqda davam etsələr, onları çox pis bir gələcək gözləyir”.