Doğma yurdlarına qayıdan soydaşlarımız Böyük Qayıdışın təbliğatçısına çevrilməlidirlər

“Böyük Qayıdış” prosesinin uğurla davam etməsi, əslində, hər birimizi içdən sevindirməlidir. Çünki indi Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, erməni vandallarının məhv etdiyi yurd yerlərimiz dirçəlməyə başlayır, keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına qayıdışı getdikcə daha da geniş vüsət alır. Demək olar ki, hər gün Ağdam, Xocalı, Xocavənd, Xankəndi, Cəbrayıl, Şuşa, Kəlbəcər, Zəngilanın şəhər mərkəzlərinə və kəndlərinə növbəti köç karvanları yola salınır. Düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimiz bərpa edildikcə, yüzlərlə, minlərlə soydaşımız böyük sevgi ilə öz yurdlarına geri qayıdır. Belə ki, 2025-ci ildə “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi davam etdirilib.

Soydaşlarımız 30 il işğal altında qalan torpaqlarımıza geri döndükcə, o yerlərin dirçəlişi daha da sürətlənir, azad olunmuş ərazilərimiz ikinci baharlarını yaşayırlar. Bu gün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağa yola salınan hər bir köç karvanı dirçəlişin və inkişafın göstəricisi sayılır. Biz də bir vətəndaş olaraq o köç karvanlarının yola salınması barədə xəbərləri öz səhifələrimizdə paylaşmalı, yurdlarına qovuşan insanlarımızın qayıdış sevincini hər kəslə bölüşməli və beləliklə, Böyük Qayıdışa bacardığımız qədər fərdi töhfəmizi verməliyik. Mən şəxsən işğaldan azad olunmuş ərazilərimizə yola salınan hər bir köç karvanı barədə, orada keçirilən tədbirlər haqda mütəmadi paylaşımlar edirəm, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətə başlayan məktəblərin uğurları ilə bağlı məlumatları bölüşürəm. “Böyük Qayıdış” Proqramı çərçivəsində görülən yaxşı işləri işıqlandırmaq hər birimizin borcudur.

Ancaq çox təəssüf ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinə xələl gətirməyə, kölgə salmağa çalışan pis niyyətli, təxribatçı qüvvələr də çoxdur. Və əfsuslar olsun ki, bəzi məsuliyyətsiz və dəngəsiz insanlarımız da öz yersiz paylaşımları, provokativ rəyləri ilə həmin qüvvələrin “dəyirman”ına su tökür və öz səhv hərəkətləri, xətaları ucbatından baş verən xoşagəlməz halları ört-basdır etmək üçün yalan iddialarla Qarabağda görülən işlərə bilərəkdən və ya bilməyərəkdən kölgə salırlar. Bugünlərdə sosial şəbəkələrdə Ağdamın Kəngərli kəndinə köçən bir şəxsin həmin kənddə tikilmiş evlərin, guya, yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı əsassız iddia ilə çıxış etməsi də məhz bu qəbildən olan hallardan biridir.

Düzdür, həmin şəxs sonradan mediaya verdiyi açıqlamada paylaşdığı videonun yanlış istifadə olunduğunu bildirib və deyib ki, onun videosunu bəzi vicdansızlar neqativ formada bəzəyib paylaşıblar. Sözügedən Kəngərli sakini məsələnin belə forma almasına görə bərk narahat olduğunu da qeyd edib. Ancaq bu cür narahatçılıq və ya sonrakı peşmançılıq, necə deyərlər, tamamilə faydasızdır. Çünki suyu bulandırmağa hazır olan qüvvələr, fürsətçi ünsürlər onun videosundan öz məkrli məqsədləri üçün maksimum dərəcədə yararlandılar, Böyük Qayıdış çərçivəsində görülən işləri mənfi planda göstərməyə çalışdılar.

Həmin qüvvələr Ağdamın, Kəlbəcərin, Cəbrayılın və digər şəhərlərimizin, qəsəbə və kəndlərimizin sıfırdan inşa edilməsini göstərən kadrları, görüntüləri tirajlamağa, yaymağa heç vaxt təşəbbüs göstərməyiblər. Onlar yağı düşmən kimi pusquda dayanıb hər an fürsət gözləyir və daim nöqsan axtarırlar. Çünki bu cür antimilli qüvvələrin əsl hədəfi qayıdışı və dirçəlişi gözdən salmaqdır. Lakin biz o fürsətçilərə heç bir şans verməməliyik. Doğma yurdlarına qayıdan soydaşlarımız Böyük Qayıdışın təbliğatçısına çevrilməlidirlər.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri