Müstəqillik dönəmində ölkəmizdə amnistiya ənənəsinin formalaşmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub
Prezident İlham Əliyevin növbəti dəfə amnistiya təşəbbüsünü irəli sürməsi real humanizm nümunəsi kimi təqdirəlayiq addımdır. Belə bir təşəbbüs xalqımız, vətəndaşlarımız tərəfindən ümidlə gözlənilirdi. Həm “Konstitusiya və Suverenlik İli” münasibətilə, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dövlət başçısı tərəfindən amnistiya təşəbbüsünün irəli sürülməsi həmçinin vətəndaş həmrəyliyinin bariz nümunəsidir. 44 günlük Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü və Konstitusiyanın 30 illik yubileyi münasibətilə Cənab Prezident tərəfindən amnistiya aktının irəli sürülməsi ölkədə milli birliyin və həmrəyliyin daha da gücləndirilməsinə xidmət edir.
Aministiya aktının təxminən 20 min nəfəri əhatə edəcəyini nəzərə alsaq, bu addım həqiqətən də milli birliyimizə çox böyük bir töhfə olacaq. Belə ki, sözügedən amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Göründüyü kimi bu amnistiyanın əhatə dairəsi həddindən artıq genişdir.
Dövlətimizin başçısı bu təşəbbüsü məhz suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəli sürüb. Biz də əminik ki, bu amnistiyanın nəticəsində yüzlərlə, minlərlə soydaşımız öz həyatını yeni başdan qurmaq imkanı əldə edəcək və onlar ölkəmizin inkişafı prosesinə töhfə verəcəklər.
Hər bir insana səhv yoldan, qanunsuz əməllərdən çəkinmək, islah olunmaq və normal həyata dönmək üçün mütləq ikinci şans verilməlidir. Prezidentin amnistiya təşəbbüsü minlərlə insanımıza yeni həyatın qapılarını açacaq və uğur qazanmaq fürsəti verəcək. Əhatə dairəsinə və say tərkibinə görə əvvəlki əfvlərdən, amnistiyalardan ciddi şəkildə fərqlənən və ən böyük amnistiya olacağı gözlənilən bu humanist addım ölkədə siyasi dialoq mühitinin möhkəmlənməsi, dövlət və xalq birliyinin daha da güclənməsi baxımından da olduqca əhəmiyyətlidir. Bu cür amnistiya qərarları vətəndaşlarda öz dövlətinə güvəni artırır. Vətəndaş öz dövlətinin qayğısını, toxunuşunu əyani olaraq hiss edir.
Bizim ölkəmizin gücü ilk növbədə milli birliyə və həmrəyliyə əsaslanır. Bu baxımdan Prezident İlham Əliyev “Gücümüz birliyimizdədir” sözünü heç də təsadüfən demir. Bu sözdə çox böyük bir həqiqət var və bu həqiqət müstəqillik illərimizdə dəfələrlə öz təsdiqini tapıb. Dövlət başçısının humanizm mövqeyi də məhz milli həmrəyliyin güclənməsinə xidmət edir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir və onun ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirir. Müstəqillik dönəmində ölkəmizdə amnistiya ənənəsinin formalaşmasının təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanıb və 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyevin irəli sürdüyü hazırkı amnistiya təşəbbüsü isə müstəqil Azərbaycanın tarixində ən böyük amnistiya kimi yadda qalacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri