Alman faşizmini cəzalandıran dünya birliyi erməni faşizminə də sərt münasibətini ortaya qoymalıdır

Paytaxtımız yenə növbəti mötəbər beynəlxalq tədbirlərdən birinə ev sahibliyi edir. Söhbət “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumundan keçir. Prezident İlham Əliyev sözügedən Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Bu müraciətində dövlətimizin başçısı qlobal iqlim dəyişmələri və onların fəsadları ilə bağlı ümumbəşəri aktual məsələlərə toxunmaqla yanaşı, Ermənistanın 30 illik hərbi təcavüzünün ağır fəsadlarının hələ də davam etdiyini və insanların həyatına, ətraf mühitə böyük təhlükələr yaratdığını da Forum iştirakçılarının diqqətinə çatdırıb.

“Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir”,- deyə Azərbaycan Prezidenti bildirib.

Ermənistanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə və qəbul etdiyi qərarlara məhəl qoymayaraq Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxladığını, burada etnik təmizləmə həyata keçirərək 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salındığını diqqətə çatdıran Prezident İlham Əliyev, eyni zamanda, onu da qeyd edib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir.

Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan tərəfinin bu əməllərinə yönəldərək bəyan edib ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə Azərbaycan xalqından üzr istəməlidir. Bəli, bu cür ağır müharibə cinayətləri cəzasız qala bilməz. Dünya birliyi də Ermənistan tərəfinin ötən əsrin 80-ci illərinin sonlarından etibarən xalqımıza qarşı törətdiyi, deportasiya, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinə göz yummamalıdır. Alman faşizmini cəzalandıran dünya birliyi erməni faşizminə də sərt münasibətini ortaya qoymalıdır.

Cənab Prezident “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində həmçinin 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını, işğal dövründə dağıdılmış infrastruktur və ekosistemin bərpa olunduğunu, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlərin inşa edildiyini bildirib və onu da qeyd edib ki, Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərimizə səfər zamanı burada erməni vandalizminə məruz qalmış yerləri öz gözləri ilə görmək, eyni zamanda hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri ilə tanış olmaq imkanına malik olacaqlar.

Beləliklə, Forum iştirakçıları iqlim dəyişikliklərinin baş verməsində və ekoloji tarazlığın pozulmasında müharibələrin də mənfi təsirlərini əyani surətdə görə biləcəklər. Ermənistanın işğalçılıq siyasətinə həm də bu yöndən siyasi-hüquqi qiymət verilməlidir. Bu mənada, Prezidentin Ermənistanın ərazilərimizdə ekosid, urbisid və kultursid törətməsini diqqət mərkəzinə gətirməsi heç də təsadüfi deyil.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri