UEFA Almaniyada keçirilən Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib

UEFA Hakimlər Komitəsi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib.

“Report” “Relevo”ya istinadən xəbər verir ki, 1/4 finalda Almaniya və İspaniya (1:2) yığmaları arasında baş tutan qarşılaşmanın sonlarına əlavə olunan dəqiqələrdə baş hakim Entoni Teylorun penalti təyin etməməsinin yanlış qərar olduğu bildirilib.

Belə ki, final fitinə az qalmış ispanların cərimə meydançası daxilində top Mark Kukurelyanın əlinə toxunsa da, referi 11 metrlik cərimə zərbəsi təyin etməmişdi.

Daha sonra 119-cu dəqiqədə meydan sahiblərinin qapısına yol tapan İspaniya yarımfinala vəsiqə əldə etmişdi.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 üstələyən Luis De La Fuentenin baş məşqçisi olduğu yığma AVRO-2024-ün qalibi olub.