İsveç hərbi xərclərini artırır – NATO-nun tələbi

İsveç 2025-ci ildə hərbi xərclərini 1,3 milyard dollar artıraraq 13,5 milyard dollara çatdırmaq niyyətindədir.

Bu məlumata İsveçin müdafiə naziri Pol Conson mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, müdafiə xərcləri bu il ÜDM-in 2,2 faizindən 2025-ci ildə ÜDM-in 2,4 faizinə yüksələcək. İsveçin müdafiə xərclərinin 2028-ci ildə ÜDM-in 2,6 faizinə çatacağı gözlənilir.

İsveç hökuməti 2025-ci maliyyə ili üçün büdcə qanun layihəsini sentyabrın 19-da parlamentə təqdim etməyi planlaşdırır.

Bir gün əvvəl Conson bildirmişdi ki, İsveç Finlandiyada çoxmillətli NATO batalyon qrupuna rəhbərlik etmək istəyir. O qeyd edib ki, belə bir təşəbbüsün həyata keçirilməsi ilkin mərhələdədir. Batalyon qrupuna rəhbərlik edəcək ölkə ilə bağlı qərarı NATO kollektiv şəkildə qəbul edir.

Alyans 2016-cı il NATO-nun Varşava Sammitində “Genişləndirilmiş İrəli Mövcudluq” proqramı ilə bağlı qərar qəbul edib. Bu proqram çərçivəsində Mərkəzi və Şərqi Avropada səkkiz “çoxmillətli batalyon qrupu” yerləşdirilir.

Finlandiya 2023-cü ilin aprelində, İsveç 2024-cü ilin martında NATO-ya üzv olub.\\musavat\\