Paşinyan bu dörd ildə az qala bütün enerjisini Zəngəzur dəhlizinin açılmasına maneə törətməyə sərf edib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Dünya Erməniləri Sammitində çıxışı zamanı növbəti dəfə erməniçiliyinə salaraq Zəngəzur dəhlzinin açılması üçün məlum şərtini təkrarlayıb. Belə ki, “Sülh kəsişməsi” layihəsi haqqında danışan Paşinyan qeyd edib ki, “biz bütün mümkün yerlərdə yollarımızı təmin etməyə hazırıq. Onlar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zərər vurmadan və ya pozmadan yan keçməklə hərəkət edə bilərlər”.

Ermənistan hökumətinin başçısının bu açıqlaması əslində Zəngəzur dəhlizinin açılması yox, açılmaması anlamına gəlir. Çünki onun irəli sürdüyü şərt sözügedən dəhlizin açılması üçün heç bir imkan yeri qoymur. Bu şərt sözsüz ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinin mahiyyətinə ziddir.

Məsələ burasındadır ki, həmin bənddə Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat-kommunikasiya xətlərinin necə açılaçağı və nəqliyyat əlaqəsi üzrə nəzarətin necə təşkil olunacağı açıq-aydın formada yazılıb. Bu gün bizimlə şərtlərin diliylə danışmağa çalışan erməni baş nazirə xatırladırıq ki, 4 il öncə Ermənistan tərəfindən üçtərəfli bəyanatı özgəsi yox, məhz Nikol Paşinyanın şəxsən özü imzalayıb. O, bu gün ənənəvi erməni xislətini, verilən vədlərin dalından qaçmaq vərdişini bir kənara qoyub öz imzasına sahib çıxmalıdır.

Rəsmi İrəvan sözdə yox, gerçəkdən də kommunikasiyaların açılmasında maraqlıdırsa, heç bir qeyd-şərt irəli sürmədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması da Ermənistanın yazılı surətdə təsbit olunmuş və imzalanmış öhdəliklərindən biridir. Ona görə də Paşinyan “Sülh kəsişməsi” adlı ucuz piar layihəsini ortaya atıb kommunikasiyaların açılmasını süni surətdə ləngitməkdən əl çəkməlidir.

Ermənistan tərəfi son 4 ildə bölgədə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdən hər vasitə ilə yayınıb. Paşinyan isə bu dörd ildə az qala bütün enerjisini Zəngəzur dəhlizinin açılmasına maneə törətməyə sərf edib. Ancaq Zəngəzur dəhlizinin açılmasını daha bir 4 il də ləngitmək Ermənistan liderinə nəsib olmayacaq. Zəngəzur dəhlizi Paşinyanın şərtlərindən asılı olmayaraq açılacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri