Frank Şvabe rəsmi Bakının onun adını “arzuolunmaz şəxs”lər siyahısına salmasını və ölkəmizə girişini yasaqlamasını həzm edə bilmir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe rəsmi Bakının AŞPA-nın bir sıra üzvləri ilə bərabər onun da adını “arzuolunmaz şəxs”lər siyahısına salmasını və ölkəmizə girişini yasaqlamasını hələ də həzm edə bilmir. O, bunu rəsmi Bakı tərəfindən şantaj kimi qiymətləndirir və deyir ki, Avropa Şurası Parlament Assambleyasını şantaj etmək olmaz. Üstəgəl onu da vurğulayır ki, “Azərbaycan AŞPA-nın bütün qaydalarına hər hansı bir şərt qoymadan əməl etməlidir. Siyasi məhbuslar azad edilməli, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir və təbii ki, giriş qadağası olmamalıdır”.
F.Şvabenin bu açıqlaması onu göstərir ki, Almaniyadan olan bu deputat həqiqətən də reallıq hissini itirib və AŞPA-nın bəzi üzv dövlətlərindən fərqli olaraq Azərbaycanın müstəqil siyasət yürüdən suveren dövlət olduğunun fərqində deyil. Şvabeni qızışdıranlar bu alman solçu-liberal faşistinə onu da başa salmalıdırlar ki, şantaj edən tərəf Azərbaycan yox, AŞPA-nın özü və AŞPA-nın Fransa kimi, Almaniya kimi pərdəarxası “dirijor”larıdır. Lakin artıq AŞPA bürokratları da, bu qurumun F.Şvabe kimi üzvləri də bir həqiqəti dərk etməlidirlər ki, Azərbaycanı nə şantaj etmək, nədəki ona hansısa şərtləri diktə etmək mümkün deyil. AŞPA Azərbaycana şərt qoya bilməz.
AŞPA Azərbaycana münasibətdə “qırmızı xətt”i keçməməliydi, lakin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verməklə sözügedən qurum təəssüf ki, məlum “qırmızı xətt”i keçdi. Bu məqamı Prezident İlham Əliyev də bu yaxınlarda İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən vurğulamış və eyni zamanda bildirmişdi ki, AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək: “Bu ilin yanvarında AŞPA “qırmızı xətt”i keçib. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”.
Dövlətimizin başçısının bu açıqlamasının məntiqindən də bir daha bəlli olur ki, bu gün AŞPA-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində şərt irəli sürə biləcək tərəf AŞPA yox, məhz Azərbaycandır. Azərbaycan Prezidenti həmin çıxışında AŞPA-ya açıq mesaj verdi ki, bu beynəlxalq qurum eyni problemlə üzləşmiş iki ölkəyə – Azərbaycan və Ukraynaya fərqli münasibət sərgiləyə bilməz. AŞPA “ikili standart”lar siyasətindən əl çəkməli və Azərbaycana qarşı subyektiv yanaşmalara son qoymalıdır. Siyasi maxinasiyalarda və korrupsiyada adı hallanan Şvabe kimi təəssübkeşlərin isə Azərbaycanla bağlı fikir bildirməyə mənəvi ixtiyarı yoxdur.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri