İnternet yenə bahalaşacaq – Ekspertdən ANONS

Ölkədə birinci növbədə 100 Mb və daha yüksək sürətli internetə çıxış üçün data mərkəz yaradılmalıdır. Bu data mərkəz olmadığı halda hansı modemi quraşdırırsınız quraşdırıb, belə yüksək sürəti əldə etmək mümkün olmayacaq. Hətta 5G-ni dəstəkləyən cihazlar belə olsa istifadəçi 100 Mb-dən yuxarı internet əldə edə bilməyəcək.

Bu sözləriTribunainfo.az-a mütəxəssis İlkin Məmmədkərimov bildirib. O qeyd edib ki, qiymət artımı hələ də davam edəcək. Ancaq data mərkəz yoxdursa sözügedən sürəti əldə etmək mümkün olmayacaq:

“Bütün beynəlxalq reytinqlərdə internetin qiymətinin yüksəkliyinə görə ön sırada, sürətə görə isə axırıncı sıralarda qərarlaşırdıq. Azərbaycanda internetin sürətinin guya 100 Mb-ə qədər qaldırmasının səbəbi də bu reytinqlərdə ön sıraya keçmək məqsədi daşıyır. Ancaq reallıq başqadır. Ölkədə heç kəsə bu qədər sürətli internet lazım deyil. Gündəlik sosial şəbəkələrdən istifadə edən, saytlara göz atan istənilən adam üçün bu internet elə də vacib deyil. Heç kəs bu qədər sürətli internet də gözləməsin. Çünki heç bir cihaz bunu dəstəkləmir və bunun üçün ölkədə data mərkəz də yoxdur. Məqsəd də ölkədə hamısı yüksək sürətli internetlə təmin etmək olmayıb. Məqsəd reytinqlərdə önə keçməkdir. Qiymət artımı isə hələ gələcəkdə də davam edəcək”.