Aralıq dənizində 7 min illik yol tapıldı

Aralıq dənizində 7 min illik yol tapıldı. Üst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidin görüntüləri də yayımlanıb.

“The İndependent” nəşri xəbər verir ki, Xorvatiyanın Korçula adlanan adasının sahillərində yerləşən sualtı arxeoloji sahədə daş dövrünə aid yol aşkar edilib.

Tədqiqatçıların fikrincə, bu qədim yol bir vaxtlar quruda yerləşən, lakin indi Aralıq dənizinin qolu olan Adriatik dənizindən təxminən 4-5 metr aşağıda yerləşən yaşayış məntəqəsini birləşdirib. Arxeoloqlar ilk dəfə 2021-ci ildə Korçula ətrafındakı suların peyk şəkillərini araşdıraraq Soline adlanan bu arxeoloji ərazini müəyyən ediblər. Zadar Universitetinin arxeologiya departamentindən tədqiqatçı İqor Borziç və onun həmkarları bu yaxınlarda dəniz dibində qeyri-adi strukturlar aşkarlayıblar. Bundan sonra komanda daha yaxından baxmaq üçün Adriatik okeanına dalğıc ekspedisiyalarına başlayıb. Nəticədə Korçulanın qərb sahilindəki Qradina körfəzində 7 min illik yolun qalıqları aşkar edilib. Bu batmış yol daş dövründə həmin bölgədə yaşamış “Hvar xalqları” kimi tanınan itirilmiş dəniz mədəniyyətinə aid olub. Universitet üst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidin görüntülərini də dərc edib.

Universitetdən verilən açıqlamada deyilir: “Korçula adasındakı batmış neolit Soline arxeoloji sahəsində sualtı araşdırmalar zamanı arxeoloqlar onları təəccübləndirən qalıqlar tapıblar”.

Dəniz palçıqlarının altında onlar Hvar mədəniyyətinin indi batmış tarixdən əvvəlki yaşayış məntəqəsini Korçula adasının sahilləri ilə birləşdirən yol aşkar ediblər. Təxminən 4 metr eni olan yol, Solinedə aşkar edilən 4 min 900 il yaşı olan digər tarixi əsərlərdən çox daha qədim olması ilə diqqət çəkir. Komanda suyun altında çaxmaq daşından bıçaqlar, daş baltalar və dəyirman daşı parçaları tapıldığını bildirir. Artefaktlar təxminən 7 min il əvvəl şimal-şərq Adriatik dənizinin adalarında və sahillərində məskunlaşan əsrarəngiz Hvar xalqlarına işıq salacaq.//AZƏRTAC